Üzgüçülük üzrə dünya ulduzları Bakıya qayıdır: Kimlər daha əvvəl burada yarışıb? - İDMAN.BİZ-in İCMALI

1 Oktyabr 2026 10:15
105
Üzgüçülük üzrə dünya ulduzları Bakıya qayıdır: Kimlər daha əvvəl burada yarışıb? - İDMAN.BİZ-in İCMALI

Bu gün start götürəcək üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsi dünya üzgüçülüyünün ulduzlarını paytaxtda bir araya gətirəcək. Onların arasında Azərbaycanla bağlı xüsusi xatirələri olan idmançılar da var. Bir vaxtlar Bakıda ilk böyük uğurlarını qazanan bu üzgüçülər illər sonra paytaxta artıq olimpiya və dünya çempionu kimi qayıdıblar.

İdman.Biz xəbər verir ki, 11 ildən sonra niderlandlı üzgüçü Marrit Steenbergen Azərbaycana qayıdır. 100 metr sərbəst üsulda 51,68 saniyə ilə dünya rekordunu əlində saxlayan və dəfələrlə Avropa və dünya çempionu olan Steenbergenin böyük beynəlxalq karyerasının başlanğıcı məhz Bakı ilə bağlıdır. O, 2015-ci ildə keçirilən ilk Avropa Oyunlarında 15 yaşında 100 metr sərbəst üsulda qızıl, daha 5 gümüş medal qazanıb.

İndi isə o, Bakıda 7 məsafədə mübarizə aparacaq: 50, 100 və 200 metr sərbəst üsul, 50 və 100 metr arxasıüstə, həmçinin 100 və 200 metr kompleks üzgüçülük.

Bakıda onun həmyerlisi Tes Schouten da çıxış edəcək. O, 2024-cü il Olimpiadasının bürünc mükafatçısı və 200 metr brass üzrə dünya çempionudur. Steenbergen və Schouten 2015-ci ildə keçirilən Avropa Oyunlarında 4x100 metr kompleks estafetində birlikdə gümüş medal qazanıblar.

İlk Avropa Oyunlarında iştirak edən və illər sonra yenidən Bakıda çıxış edəcək digər üzgüçü britaniyalı Ebbi Vuddur. Avropa çempionu və dünya çempionatlarının mükafatçısı olan Vudd 2015-ci ildə Bakıda 400 metr kompleks üzgüçülükdə qızıl, 200 metr kompleksdə və estafetdə isə bürünc medal qazanıb.

İrlandiyalı Mona McSharry də illər sonra Bakıya qayıdacaq. O, 2015-ci ildə 14 yaşında burada çıxış etsə də, medal qazana bilməyib. Bu dəfə isə McSharry Azərbaycana 2024-cü il Olimpiadasının 100 metr brass üzrə bürünc mükafatçısı kimi dönür.

Bakı mərhələsində Avropa Oyunlarında iştirak etmiş üzgüçülərlə yanaşı, digər titullu idmançılar da mübarizə aparacaqlar.

Onların arasında 50 metr sərbəst üsul üzrə hazırkı olimpiya çempionu, avstraliyalı Cameron McEvoy da var. O, həmçinin bu məsafədə dünya rekordçusudur. McEvoy bu ilin martında Çində keçirilən Açıq Çempionatda braziliyalı Cesar Cielonun rekordunu yeniləyərək 20,88 saniyə nəticə göstərib.

Yarışın digər ulduzlarından biri 27 yaşlı çinli üzgüçü Qin Haiyangdır. O, Paris-2024 Olimpiadasında estafet yarışında qızıl medal qazanıb. Qin 2023-cü ildə keçirilən dünya çempionatında 50, 100 və 200 metr brass üzrə üç məsafənin hər birində qızıl medal qazanan ilk üzgüçü olub. O, 2025-ci ildə də 100 və 200 metr brassda dünya çempionu adını qoruyub.

Lakin Qin Haiyang bu yaxınlarda dünya rekordlarından birini itirib. Ötən həftə 17 yaşlı yaponiyalı Shin Ohashi 200 metr brassda onun rekordunu yeniləyib.

Bakı mərhələsində Honq Konqun dördqat Olimpiya mükafatçısı Siobhan Haughey də çıxış edəcək. 100 və 200 metr sərbəst üsulda dünyanın aparıcı üzgüçülərindən olan Haughey qısa hovuzda dəfələrlə dünya çempionu olub. O, Honq Konq tarixində Olimpiya medalını qazanan ilk idmançı, daha sonra isə ölkəsinə iki Olimpiya medalı gətirən ilk nümayəndə kimi tarixə düşüb.

Bakıda çıxış edəcək daha bir titullu niderlandlı üzgüçü Caspar Corbeau olacaq. O, Paris-2024 Olimpiadasında 200 metr brass üzrə bürünc medal qazanıb. Corbeau 2025-ci ildə qısa hovuzda 200 metr brass məsafəsini 2 dəqiqədən az vaxta qət edən ilk üzgüçü olub. O, bu məsafəni 1:59.52 saniyəyə üzərək dünya rekordunu yeniləyib. Corbeau bununla rusiyalı Kirill Prigodanın 2:00.16-lıq əvvəlki rekordunu geridə qoyub.

Bu, yaxın günlərdə Azərbaycan tamaşaçılarının Bakıda görə biləcəyi ulduzların heç də tam siyahısı deyil. Belə zəngin iştirakçı heyəti Su İdmanı Sarayında rəqabətin yüksək olacağını və yarışların maraqlı keçəcəyini vəd edir.

Qeyd edək ki, üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsi oktyabrın 3-dək davam edəcək. Yarış “İpək Yolu” turnir seriyasının bir hissəsidir. Bakı mərhələsindən sonra seriyanın növbəti yarışları oktyabrın 8-10-da Daşkənddə, 15-17-də isə Astanada keçiriləcək.

İdman.Biz