“Avropa açıq üzgüçülük yarışı Azərbaycan Xüsusi Olimpiya Komitəsinin idmançıları üçün həm böyük təcrübə, həm də gələcək turnirlər üçün ciddi motivasiya olub”.
Bu barədə komandanın baş məşqçisi Elvin Hüseynov deyib.
Mütəxəssis Maltada keçirilmiş yarışla bağlı fikirlərini bölüşüb.
“Düşünürəm ki, bu yarış idmançılarımız üçün həm böyük təcrübə, həm də gələcək yarışlar üçün ciddi motivasiya oldu. Əldə etdiyimiz nəticələrlə qürur duyuram və komandamı təbrik edirəm. Əsas məqsəd bundan sonra da məşqləri davam etdirərək nəticələri daha da yaxşılaşdırmaq və beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etməkdir. İlk növbədə qeyd etmək istəyirəm ki, Maltada bizi çox yüksək səviyyədə qarşıladılar. İdmançıların yerləşdirilməsi, qidalanması və yarışın ümumi təşkilati məsələləri yüksək səviyyədə idi. Buna görə Xüsusi Olimpiya Komitəsinə və yarışın təşkilatçılarına təşəkkürümü bildirirəm”, - deyə o report.az-a açıqlamasında söyləyib.
E.Hüseynov komandanın baş məşqçisi olaraq idmançıların çıxışından çox razı qaldığını vurğulayıb:
“Uşaqlar yarışa ciddi hazırlaşmışdılar və yarış zamanı da özlərini çox yaxşı tərəfdən göstərdilər. Onlar təmkinli, səbirli və intizamlı şəkildə mübarizə apardılar, məşqlərdə verdiyimiz tapşırıqlara və yarış zamanı tövsiyələrimizə əməl etdilər. Ən əsası isə hər biri öz imkanları daxilində maksimum nəticə göstərməyə çalışdı. Komanda olaraq 4x50 metr sərbəst üsulla estafet yarışında qızıl medal qazandıq. Bu nəticə mənim üçün xüsusilə əhəmiyyətlidir. Çünki estafetdə nəticə yalnız bir idmançının deyil, bütün komandanın birlikdə göstərdiyi mübarizənin nəticəsidir”.
O, fərdi çıxışlarda da idmançıların Azərbaycanı layiqincə təmsil etdiklərini bildirib:
“Mirqayib Rəsulov 50 metr batterflyay və 50 metr sərbəst üsulda iki gümüş medal qazandı. Georgiy Qəniyev 50 metr arxasıüstə üzməkdə gümüş, sərbəst üsulda isə bürünc medal əldə etdi. Ağasəlim Abdullayev 25 metr brassda ikinci, 50 metr məsafədə isə dördüncü oldu. Məhəmməd Əli 50 metr arxasıüstə üzməkdə üçüncü, sərbəst üsulda isə altıncı yeri tutdu. Məni ən çox sevindirən məqam medallarla yanaşı, uşaqların yarışdakı davranışı və özlərinə inamı oldu. Apardığımız hazırlığın düzgün istiqamətdə olduğunu görmək bizim üçün böyük motivasiyadır”.
