“Üzgüçülük hamı üçün” layihəsinin keçirilməsində əsas məqsəd idmanın kütləviliyinə nail olmaq, eyni zamanda, sağlam həyat tərzininin təbliğini aparmaqdır”.
İdman.Biz xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov sözügedən yarışın açılış mərasiminin ardından jurnalistlərə açıqlamasında deyib.
Nazir yarışın təşkilinin əhəmiyyətindən danışıb:
“Yarışın əsas məqsədi idmanı geniş kütlələrə yaymaq və sağlam həyat tərzini təşviq etməkdir. “Üzgüçülük hamı üçün” layihəsi artıq dördüncü dəfə təşkil olunur. Yarışda həvəskar idmançıların da iştirak etdiyini qeyd edək. Bölgələrdəki hovuzlarda uğur qazanan idmançılar bir ay sonra final mərhələsində mübarizə aparacaqlar. Sevindirici haldır ki, üçüncü dəfədir ki, qardaş ölkə Türkiyədən olan idmançılar da yarışa qatılır. Arenadan görünür ki, yarışa maraq yüksək səviyyədədir”.
Qeyd edək ki, ölkə üzrə dördüncü dəfə keçirilən tədbirdə ümumilikdə bu il 1551 iştirakçı mübarizə aparır. Yarışçılar 9-10, 11-12, 13-14, 15-16, 17-19, 20-24, 25-29, 30-34, 35-39, 40-44, 45-49, 50-54, 55-59 yaş və 60 yaşdan yuxarı kateqoriyalara bölünüblər.
Yarışlar ümumilikdə Bakı şəhəri və regionlarda yerləşən 37 üzgüçülük hovuzunda keçirilir.
