Bakıda doğulan Natalya Filippova: “Uşaqlarım mənim həyatımı dəyişdi və məni yenidən idmana qaytardı”

Xəbərlər
3 Noyabr 2025 15:10
72
Bakıda doğulan Natalya Filippova: “Uşaqlarım mənim həyatımı dəyişdi və məni yenidən idmana qaytardı”

Avstraliyanın Sidney şəhərində yaşayan Natalya Filippova bu gün üzgüçülük təlimçisi və müalicəvi masaj ustası kimi tanınır. O, Bakıda anadan olub və dörd yaşından etibarən üzgüçülüklə məşğul olmağa başlayıb. Uşaqlıq illərində Azərbaycanın üzgüçülük yığma komandasının tərkibinə daxil olan Natalya sonradan 10 ildən artıq maliyyə sahəsində işləsə də, həyatda tam fərqli istiqamət seçərək özünü yenidən idmana və insanlara yardım işinə həsr edib.

İdman.Biz xəbər verir ki, CBC.com portalına müsahibə verən Natalya Filippova Azərbaycandakı həyatından başlayaraq, peşəkar fəaliyyəti barədə geniş açıqlama verib.

Hazırda o, Sidneydə uşaqlara və böyüklərə üzgüçülük dərsləri keçir, eyni zamanda masaj ustası kimi çalışır və fizioterapiya ixtisası üzrə təhsil alır.

Natalya bildirib ki, ilk dəfə hovuzla dörd yaşımda tanış olub:

“Məni ora valideynlərim apardı. Yaşadığımız ərazidə yeganə idman müəssisəsi elə həmin hovuz idi. Üzgüçülüklə ciddi məşğul olan hər kəs Azərbaycan yığmasına düşürdü. Amma o vaxt SSRİ dağıldığı üçün ölkə uzun müddət qərar verə bilmirdi – Avropa yoxsa, Asiyaya qitəsinin turnirində təmsil olunsun. Rəsmi toplanışlarımızın çoxu İranda və Pakistanda keçirilirdi. Yarışlara da əsasən həmin ölkələrə və Rusiyanın bəzi şəhərlərinə gedirdik, amma bu, çox davamlı deyildi”.

Natalya Filippova idmandan uzaqlaşdığı illərdə təhsilini davam etdirərək Moskva Dövlət Universitetində riyaziyyat və proqramlaşdırma ixtisası üzrə oxuyub:

“İxtisasım sığorta və riyaziyyatı idi, bu da məni sığorta şirkətinə gətirdi. Amma idmanı heç vaxt tam tərk etmədim. Həyatım boyu dağ yürüşləri,üzgüçülük... - yəni aktiv həyat tərzi mənim üçün sadəcə vərdişə çevrildi".

N. Filippova üçün dönüş nöqtəsi isə 2012-ci ildə ailəsi ilə birlikdə Avstraliyaya köçməsi olub:

“Biz Sidneyə köçəndə üç uşağımız vardı - böyüyün üç, əkizlərin isə bir yaşı vardı. Ofisə qayıtmaq mənim üçün real görünmürdü. Həmin vaxt uşaqlar mənim üçün əsas dönüş nöqtəsinə çevrildilər. Daha sərbəst vaxtı olan bir işlə məşğul olmaq qərarına gəldim və beləcə yenidən üzgüçülüyə qayıtdım".

Hazırda Natalya məşqlərini əsasən fərdi hovuzlarda və idman komplekslərində keçir:

“Sidneydə üzgüçülük dərsləri aparmaq çətindir, əgər konkret bir məktəblə əlaqən yoxdursa. Mən fərdi təlimçi kimi özüm üçün hovuz icarəyə götürürəm. Amma bəzən dərsləri kompleks hovuzlarında və ya okeanda da keçirmək olur. Əslində, fərqi yoxdur - əsas odur ki, insan üzməyi hansı məqsədlə və nə üçün öyrənmək istəyir".

N.Filippova masaj sahəsinə marağının necə yarandığını da açıqlayıb:

“Mənə sadəcə maraqlı gəldi, monotonluqdan sıxıldım. Uşaqlar böyüdükcə özüm üçün yeni istiqamətlər axtarmağa başladım. Əvvəlcə fərdi məşqçi kursunu bitirdim, sonra isə sağlamlıq sahəsində irəliləmək istədim və müalicəvi masaj üzrə təhsil aldım. Hazırda universitetdə fizioterapiya ixtisası üzrə oxuyuram. Fikrimcə, bu, mənim əsas məqsədimdir - ən azı qarşıdakı iki il üçün”.

Beləliklə, N.Filippovanın Bakıdan başlayan yolu onu bu gün Sidneyin ən fəal idman mütəxəssislərindən birinə çevirib. Natalya Filippova üçün əsas məqsəd medal və titul deyil - insanlara sağlamlıq, azadlıq və özünə inam qazandırmaqdır.

İdman.Biz