Cüdoçu Elcan Hacıyev: Vətənə medalla döndüyümüz üçün şadıq

Xəbərlər
10 Avqust 2023 06:46
132
Cüdoçu Elcan Hacıyev: Vətənə medalla döndüyümüz üçün şadıq

Universiada bizim üçün çox çətin keçdi. İlk görüşdə amerikalı cüdoçulara 3-1 hesabı ilə qalib gəldik. 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Məhərrəm İmamverdiyev cərimə xalı aldığı üçün onu yarışdan uzaqlaşdırdılar. Buna görə də dörd nəfərlə yarışları davam etdirdik. Növbəti görüşdə Fransa təmsilçiləri ilə qarşılaşdıq. Bizim üçün prinsipial olan görüşdən də 3-1 hesabı ilə qalib ayrıldıq.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında cüdo üzrə komanda yarışlarında bürünc medal qazanan yığmamızın üzvü Elcan Hacıyev deyib.

"Təəssüf ki, yarımfinalda özbəkistanlı cüdoçulara minimal hesabla məğlub olmağımız fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmək arzumuzun qarşısını kəsdi. Lakin həvəsdən düşmədik və sonadək mübarizə apardıq.

Bürünc medal uğrunda isə rəqiblərimiz Monqolustan təmsilçiləri idilər. Onlara da 3-1 hesabı ilə qalib gəldik və bürünc medallar qazandıq.

Fəxri kürsüdə Avropa ölkələrindən yalnız Azərbaycan idmançılarının yer almaları bizim üçün qürurverici idi. Vətənə medalla döndüyümüz üçün şadıq. Səhvlərimiz üzərində işləyib bürünc medalı qızıla çevirəcək və Bayrağımızı zirvələrdə dalğalandıracağıq".

İdman.biz