Nazirin Nöqteyi-Nəzəri

Xəbərlər
7 Sentyabr 2023 13:22
95
Nazirin Nöqteyi-Nəzəri

Əziz gənclər və idmançılar!

Avqust ayı qazanılan uğurlar baxımından həm idmançılarımız, həm də gənclərimiz üçün əlamətdar oldu. Eyni zamanda, Azərbaycan ay ərzində iki mühüm beynəlxalq yarışa ev sahibliyi etdi. Hər iki yarışa görə ölkəmiz dünya idman ictimaiyyətinin diqqət mərkəzində oldu. Əvvəlcə şahmat üzrə 10-cu Dünya Kuboku Bakıda keçirildi. Bu nüfuzlu yarışda Azərbaycanı 18 şahmatçı təmsil etdi. Onlar arasında ən parlaq nəticəni dünya reytinqində 97-ci pillədə olmasına baxmayaraq, yarışın yarımfinalınadək yüksələn və dünyanın 1 və 2 nömrəli şahmatçıları ilə qarşılaşan Nicat Abasov göstərdi.

Digər irimiqyaslı yarış Azərbaycanda ilk dəfə keçirilən atıcılıq üzrə dünya çempionatı oldu. Bu il Dünya Kubokunu yüksək səviyyədə təşkil etmiş Azərbaycan Atıcılıq Federasiyası bu dəfə daha nüfuzlu olan mundialı uğurla reallaşdırdı. Həm güllə atıcılığı, həm də stend atıcılığı yarışlarının əhatə olunduğu formatda 4 ildən bir keçirilən mötəbər yarışın təşkilatçılığı ilə yanaşı, idmançılarımız da yaxşı hazırlaşmışdılar və nəticədə dünya çempionatının bir qızıl və iki gümüş medalını qazandılar.

Bu ay iki idmançımız Olimpiya Oyunlarına lisenziya qazandı. Atletimiz Anna Skidan Macarıstanda, bədii gimnastımız Zöhrə Ağamirova isə İspaniyada keçirilən dünya çempionatında bu uğura nail oldular. Bununla da qazanılan lisenziyaların sayı 5-ə çatdı. Paralimpiyaçılarımız da Parisə qazandıqları lisenziyaların sayını 6-ya çatdırdılar. Para-üzgüçülərimiz Raman Saley və Vəli İsrafilov Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmək hüququnu dünya çempionatındakı qələbələri ilə qazandılar.

Ay ərzində idmançılarımız bir sıra multi-idman yarışlarında iştirak etdilər. 31-ci Ümumdünya Yay Universiadası, ll MDB Oyunları, Beynəlxalq Universitet İdman Festivalı kimi multi-idman yarışlarında uğurla çıxış edən idmançılarımız müxtəlif qitə və dünya çempionatlarında da qələbə sevinci yaşadılar. Bu yarışların hər birində maksimal dərəcədə çox sayda idmançımızın iştirakına çalışdıq. Bu qazanılan medallarla yanaşı, inkişaf etməkdə olan növlərdə stimul və idmançılarımızın yarış təcrübəsinin artması baxımından önəmlidir. Yeri gəlmişkən, ll MDB Oyunları çərçivəsində MDB-nin Bədən Tərbiyəsi və İdman Şurasının Minskdə keçirilən iclasında Azərbaycanın Gəncə şəhəri 2025-ci il üçün "MDB-nin İdman Paytaxtı" adına layiq görülüb.

VİDEO / VİDEO / VİDEO / VİDEO / VİDEO / VİDEO /VİDEO / VİDEO / VİDEO / VİDEO / VİDEO

Yeniyetmə cüdoçularımızın Xorvatiyada keçirilən dünya çempionatının fərdi yarışlarında tarixi nəticəsini xüsusi qeyd etmək lazımdır. Cüdoçularımızın 2 qızıl, 3 gümüş və 3 bürünc medal olmaqla, 8 medalla ümumi hesabda birinci olması bu idman növündə uğurlu gələcəyin təminatıdır. Bu nəticə cüdo üzrə yeniyetmələrdən ibarət yığma komandamızın indiyə qədər dünya çempionatlarında həm medalların sayına, həm də əyarına görə əldə etdiyi ən yaxşı nəticədir. Cüdo tariximizdə ilk dəfə xanım idmançının dünya çempionluğu da tarixi an oldu. Gənc güləşçilərimizin U-17 dünya çempionatında uğurlu çıxışları, MMA idman növündə təmsilçilərimizdən Tofiq Musayev və Vüqar Kərəmovun "Super Rizin 2" turnirində qələbələri hər birimizi sevindirdi. Ay ərzində qazanılan 167 medal isə avqustda idman uğurlarımızın əyani göstəricisi oldu.

VİDEO

Əsas məqsədi idmanın inkişafı, əhalinin sağlam həyatı və kütləvilik olan islahatlar daimi olaraq diqqət mərkəzindədir. Bunun üçün də idman qurumlarında iş stabil və optimal olmalıdır. Nazirliyin strukturuna daxil olan regional gənclər və idman idarələrinin, rayonlar üzrə gənclər və idman sektorlarının, olimpiya idman komplekslərinin, eləcə də digər idman qurğularının, uşaq-gənclər idman məktəblərinin və Gənclər Evlərinin rəhbərləri ilə ayın əvvəlində görüşümüz oldu. Bu, nazirliyin yeni strukturunun geniş tərkibdə ilk görüşü idi. Həm gənclər, həm də idman sahələri üzrə fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi, qarşıda duran məsələlərin həlli, perspektiv planları, xüsusən də regionlarda gənclər və idman siyasətinin icrası, aktivliyin artırılması üçün vacib addımları və digər məsələləri birgə müzakirə etdik. Ənənəyə sadiq qalaraq, qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə budəfəki görüşümüz də maraqlı keçdi.

Salyan rayonuna səfər çərçivəsində Salyan Olimpiya İdman Kompleksinin mövcud vəziyyəti ilə tanış olduq. Kompleksə baxış zamanı buradakı şərait, qarşıda duran işlər barədə mütəxəssislərlə fikir mübadiləsi apardıq. Həmçinin Salyan və Neftçala rayonlarında yaşayan vətəndaşları da Salyanda qəbul etdik.

Avqust gənclər sahəsi üçün də əlamətdar oldu. Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası paytaxtımızda keçirildi. 35 ölkədən 265 gəncin iştirakı ilə baş tutan sessiya Avropa Parlamentinin simulyasiyası əsasında keçirildi və tədbirdə 12 fərqli mövzu üzrə komitə iclasları, Baş Assambleyanın sessiyası təşkil olundu.

Ay ərzində gənclər üçün müxtəlif düşərgələr təşkil edildi. İnternat məzunu və əlilliyi olan gənclərin məşğulluğuna dəstək məqsədilə "İşimin adı" yay düşərgəsi, hərbi-vətənpərlik düşərgələri, gənc vəkillər, startapçılar, könüllülər üçün düşərgələr, vikipediyaçıların düşərgəsi, Gənclər Evlərinin əməkdaşları üçün təkmilləşmə düşərgəsi minlərlə gənci əhatə etdi.

Fikrimcə, Gənclər və İdman Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin "Yeniyetmələrin peşə seçiminə dəstək" layihəsi çərçivəsində Gənclər Evlərinin əməkdaşları üçün həyata keçirdiyi təlimlər də effektiv oldu. Artıq sentyabr ayından etibarən abituriyentlər Gənclər Evlərində təşkil olunan peşə seçimi ilə bağlı test imtahanından yararlana biləcəklər.

Sözsüz ki, istər gənclər sahəsində, istərsə də idmanda görülən işlərin hədəfi nümunəvi gənclik, sağlam əhali, ideal cəmiyyətdir. Bu istiqamətdə görülən işlər planlı olaraq davam etməli, günün tələbinə adekvat olmalıdır. Hədəfə doğru fəaliyyətimiz isə davam etməlidir.

Bu gün nazir təyin olunmağımdan iki il ötür. Bu müddətdə həm gənclər, həm də idman sahəsində qarşımıza qoyulmuş məqsədə çatmaq üçün üzərimizə düşən işləri layiqincə görməyə çalışdıq. Qazanılan uğurlar, şübhəsiz, #birkimibirlikdə fəaliyyətimizin nəticəsidir. Buna görə də öz fəaliyyətləri ilə bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Qarşıda bizi daha böyük uğurlar gözləyir.

Fərid Qayıbov,
gənclər və idman naziri

İdman.biz