Tovuzda güc idman növləri üzrə yay turniri keçirilib.
Azərbaycan Stronqmen Federasiyasından İdman.biz-a bildiriblər ki, "deadlift", "strict curl" və "bench-pess" hərəkətləri üzrə təşkil olunan yarışda Tovuz, Mingəçevir, Yevlax, Goranboy və Gəncədən olan idmançılar birincilik uğrunda mübarizə aparıblar.
Otuzdan artıq idmançının qatıldığı yarışda Yevlax idmançıları komanda hesabında birinci olublar. Tovuz idmançıları yarışı ikinci, Mingəçevir idmançıları isə üçüncü pillədə başa vurublar.
Federasiyanın Tovuz nümayəndəsi Eltun Hüseynov yarışın əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, bu cür turnirlərin təşkili bölgələrdə güc idman növlərinin inkişafına təkan verəcək.
"Bölgələrdə idmanın bu növü ilə məşğul olan xeyli sayda idmançı var. Bu yarışlar gələcəkdə onların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsinə yeni imkanlar açacaq. Bu cür yarışların bundan sonra da təşkil edilməsini planlaşdırırıq", - deyə federasiya rəsmisi bildirib.
İdman.biz