"Medal gözləyirdik" - Fərid Qayıbov

Xəbərlər
23 Avqust 2023 13:44
136
"Medal gözləyirdik" - Fərid Qayıbov

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında ikinci yeri tutan Azərbaycan millisi mükafatlandırılıb.

İdman.biz-in məlumatına görə, 25 metr məsafəyə tapançadan standart atəşaçma yarışının qalibləri medallarını alıblar.

Mükafatlandırma mərasimində Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədovadan ibarət "üçlüy"ə gümüş medalı gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.

Yarışda Çin qızıl, Hindistan isə bürünc medal qazanıb.

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan millisinin uğurunu şərh edib:

"İlk öncə federasiyanı təbrik edirəm təşkilati işlərə görə. Bunu təkcə biz demirik. Bu günlərdə çoxlu görüşlərimiz oldu. Həm Beynəlxalq Federasiyasının prezidenti ilə, digər qurumların rəhbərləri ilə. Hər biri bu tədbirin ən yüksək səviyyədə hazırlandığını deyiblər və bu göz qabağındadır. Buna görə mən həm Federasiyanı, həm Təşkilat komitəsini, həm Federasiyanın tərəfdaşlarını təbrik edirəm. Təbii ki, hamımız medal gözləyirdik. Və ilk medalımız gəldi. Çox istəyərdim ki, bu, sonuncu olmasın. Yarış davam edir. İdmançılarımız daim sona kimi mübarisə aparırlar. İnanıram ki, medallarımızın sayı artacaq".

"Ümidlərimiz var. İnanırıq ki, idmançılarımız yeni medallar qazanacaqlar", - nazir əlavə edib edib.

"Bu günlərdə Azərbaycanda irimiqyaslı, beynəlxalq yarışlar keçirilir. Son bir ayda demək olar ki, hər gün beynəlxalq yarışlar keçirilir. Elə həftə olur ki, iki-üç tədbir olur. Atılıcılıq yarışından başqa basketbol üzrə 3X3 yarışı başlayıb, bu gün finaldır. Həmçinin şahmat üzrə Dünya kuboku yekunlaşır. Bir gündə üç böyük beynəlxalq yarış keçiririk", - F.Qayıbov qeyd edib.

Əliş Abdulla

İdman.biz