Yığmamızın məşqçisi: "Reqatadakı nəticələrimizin davamını beynəlxalq arenada gətirmək istəyirik"

Xəbərlər
1 May 2025 17:49
283
Yığmamızın məşqçisi: "Reqatadakı nəticələrimizin davamını beynəlxalq arenada gətirmək istəyirik"

"İdmançılarımızın indiyədək qazandığı nəticələri qənaətbəxş hesab etmək olar".

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan avarçəkmə yığmasının kayak növü üzrə böyük məşqçisi Mirnazim Cavadov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Prezident Kuboku-2025" beynəlxalq reqatasında jurnalistlərə açıqlamasında deyib.

O, milli komandanın turnirdəki çıxışını dəyərləndirib: "Yarışa yaxşı hazırlaşmışıq. Bunun nəticəsi olaraq, turnirin ilk günü idmançılarımız 3 bürünc medal qazandılar. Bu gün də 1 gümüş və 1 bürünc medalı aktivimizə yazmağı bacardıq. Nəticələrimizin yüksək olacağını əvvəlcədən proqnozlaşdırırdıq. Əlimurad Hacızadədən bu gün qızıl medal gözləyirik. O, 1000 metr məsafəyə yarışda rəqiblərini üstələməyə çalışacaq".

Baş məşqçi növbəti hədəflərinin Avropa və dünya çempionatlarında da fəxri kürsüyə qalxmaq olduğunu vurğulayıb: "Uğurlarımızın davamını beynəlxalq arenada gətirmək istəyirik. Şübhəsiz ki, "Prezident Kuboku-2025"də qazanacağımız nəticələr bizim üçün önəmlidir. Reqatada gücümüzü bir qədər də artırıb, dünya və Avropa çempionatlarına hazırlaşmaq istəyirik".

Qeyd edək ki, Azərbaycan idmançıları yarışın ilk iki günündə 1 gümüş və 4 bürünc medal qazanıblar. Reqataya mayın 2-də yekun vurulacaq.

İdman.biz