Fərid Qayıbov: "Yerli idmançılarımız çoxalır"

Xəbərlər
3 May 2024 13:24
Fərid Qayıbov: "Yerli idmançılarımız çoxalır"

“Prezident kuboku” beynəlxalq reqatasında ölkələrin sayının artması ürəkaçan faktdır”.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunan “Prezident kuboku-2024” beynəlxalq reqatasından danışarkən deyib.

O bildirib ki, idmançı sayı çox olduğu zaman yarışda mübarizə də artır: “Federasiyanı təşkilatçılığa görə təbrik edirəm. Hər zamankı kimi yüksək səviyyədə təşkil olunub. Bu cür yarışlar idmançıların hazırlıq səviyyələrinin arıtırılması baxımından vacibdir. Artıq bizim avarçəkmə üzrə idmançımız da Olimpiadaya lisenziya əldə edib. İnanıram ki, növbəti Olimpiya Oyunlarında lisenziyalarımızın sayı artacaq. Buradakı iştirakçıların növbəti ildə daha çox olacağına ümid edirəm. Nəinki Mingəçevirdə, həmçinin paytaxtda bu idman növü üzrə bölmə açılıb. Planda digər region və şəhərlərimizdə də kanoe və avarçəkmə üzrə bölmələrin açılması nəzərdə tutulub”.

Qayıbov həmçinin Paris-2024 Yay Olimpiya Oyunlarına Azərbaycan yığmasının hələlik 18 lisenziya qazanmasına da münasibət bildirib: “Təbii ki, üç və ya dörd lisenziya çox da ola bilərdi. Amma yenə idmançılarımız mübarizə aparırlar. Bir neçə növdə mübarizə davam edir və bu, bir ay ərzində tamamlanacaq. İdmançılarımıza fürsətdən istifadə edərək, uğurlar arzulayıram. Bir az çətindir. İdmanımızda da müəyyən proseslər gedirdi. Bu, yeni nəslin gəlməsi ilə bağlıdır. Yerli idmançılarımız çoxalır. İnanıram ki, 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarında daha çox idmançımız iştirak edəcək”.

Qeyd edək ki, “Prezident kuboku-2024” beynəlxalq reqatası bu gün başa çatacaq.

Banuçiçək Hüseynli
İdman.biz