“Kür” Olimpiya Tədris-İdman Mərkəzinin Mingəçevir şəhərində, Kür çayı üzərində yerləşən avarçəkmə bazası təlim-məşq keçmək üçün çox əlverişlidir. Kür çayında su donmadığı üçün burada ilin istənilən fəslində məşq və yarışların keçirilməsi üçün şərait var”.
Bu sözləri İdman.Biz-in “Mingəçevir Reqatası-2026” yarışına ezam olunan əməkdaşına açıqlama verən Azərbaycan Su İdmanı Federasiyasının mətbuat katibi Vüsal Qurbanov deyib.
O bildirib ki, artıq Azərbaycan Su İdmanı Federasiyası (AZSİF) 2022-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərimizdə avarçəkmə və kanoe üzrə beynəlxalq tədbirlər keçirir:
“Biz artıq Suqovuşanda, Füzulinin “Köndələn” su anbarında yarışlar keçirmişik. 2025-ci ilin idman yekunlarına həsr edilmiş tədbirdə prezident İlham Əliyev Sərsəng su anbarında da bu cür yarışların keçirilə biləcəyini vurğuladı.
Bilirsiniz ki, Qarabağda qısa müddət ərzində yeni infrastruktur qurulur. Avarçəkmə və digər yarışlarının işğaldan azad edilən ərazilərdə keçirilməsi regionun inkişafına xidmət edir”.
Su İdmanı Federasiyasının rəsmisi əlavə edib ki, hazırda Laçının Həkəri çayına mütəxəssislər tərəfindən baxış keçirilir:
“Həkəri çayı mütəxəssislər tərəfindən öyrənilir. Avarçəkmə və kanoe idmanı üçün suyun sürəti, çay hövzəsinin eni və uzunluğu, həmçinin suyun dərinliyi, təmizliyi şərtdir. Əgər şərait buna imkan verəcəksə, orada yarışlarımız təşkil ediləcək”.
Qeyd edək ki, bu gün Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci yarış gününə start verilib. Yarışda Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən iştirak edir.
Humay İsgəndərova
