İlham Zəkiyev: “Qızıl medalı biləklərimdəki zədəyə görə qazana bilmədim”

Müsahibə
20 Fevral 2024 13:27
İlham Zəkiyev: “Qızıl medalı biləklərimdəki zədəyə görə qazana bilmədim”

“Bu yarışa sol biləyimdə zədə ilə yollanmışdım. Müalicə olunsam da, tam sağalmamışdım”.

Bunu İdman.bizə paracüdo üzrə səkkizqat Avropa çempionu İlham Zəkiyev (+90 kq) deyib.

Paralimpiya Oyunlarının qalibi Almaniyanın Heydelberq şəhərində Qran-pridə iştirakını şərh edib. Yarışı bürünc medalla bitirən Zəkiyevin sözlərinə görə, 1/4 finalda zədəsi yenilənib: “İlk qarşılaşmam qazaxıstanlı paracüdoçu ilə oldu. Ardınca sonuncu Yaponiya Qran-Prisində güləşdiyim yaponla üz-üzə gəldim. Döyüşdə hər iki biləyimdən zədələndim. Yarımfinala da sarğı ilə çıxdım, zədəm olduğuna görə istədiyim nəticəni əldə edə bilmədim. 3-cü yer uğrunda görüşdə isə dünya çempionatında qalib gəldiyim monqolustanlı idmançını ipponla məğlub etdim. Nəticədə reytinqdəki yerimi möhkəmlətdim. Qızıl medalı sırf zədəmə görə itirdim”.

O bildirib ki, əsas hədəfi Paris-2024 Yay Paralimpiya Oyunlarıdır: “Bu yarışa bütün var gücümlə hazılraşıram. Fransada Azərbaycanı layiqincə təmsil edib, xalqımızı sevindirmək istəyirəm”.

Qeyd edək ki, Heydelberq Qran-prisi Paris-2024 Yay Paralimpiya Oyunlarına ikiqat reytinq xalı verib.

Banuçiçək Hüseynli
İdman.biz