Azərbaycanın Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib

12 Noyabr 2026 13:53
23
Azərbaycanın Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarları müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, mərasimdə Azərbaycanın üçrəngli bayrağını gender bərabərliyinə görə boksçu Gülər Hüseynova (51 kq) və turnirdəki taekvondo yarışlarının gümüş mükafatçısı Adil Kazımlı (73 kq) daşıyacaqlar.

Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarının bağlanış mərasimi noyabrın 13-də Atletlər Kəndində Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində beş medal var. Cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medallara sahib çıxıblar. Digər çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) isə Yeniyetmələrin IV Yay OLimpiya Oyunlarını gümüş medalla başa vurublar.

Xatırladaq ki, oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülər - Üçüncü MDB Oyunlarının qalibi, Altıncı İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə və altıncı İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşımışdı.

İdman.Biz