Milli Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunan poçt markası təqdim edilib - FOTO

21 Avqust 2026 19:41
50
Milli Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunan poçt markası təqdim edilib - FOTO

Azərbaycan Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markasının təqdimat mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, tədbirdə Milli Paralimpiya Komitəsinin və AZCON Holding şirkətlər qrupuna daxil olan “Azərpoçt” MMC-nin rəhbərliyi, paralimpiyaçılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın ilk Paralimpiya çempionu İlham Zəkiyev bildirib ki, bu cür tədbirlər və təbliğat xarakterli materiallar ölkədə paralimpiya hərəkatının keçdiyi inkişaf yolunun tanıdılmasına, həmçinin inklüzivliyin təşviqinə mühüm töhfə verir.

“Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri Sitarə Hüseynova isə qeyd edib ki, 9 paraidman növünü əks etdirən marka Paralimpiya və Milli Paralimpiya hərəkatına həsr olunmuş ilk poçt markasıdır.

Təqdimat zamanı markanın dizaynı və üzərində əks olunan elementlər barədə ətraflı məlumat verilib. Daha sonra Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan poçt markası və xüsusi zərf təqdim edilib.

Sonda “Azərpoçt” MMC-nin İdarə Heyətinin üzvü Şaiq Qəribzadə və Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov marka və zərfi xüsusi möhürlə möhürləyiblər.

İdman.Biz