Azərbaycan Qış Paralimpiya Oyunlarında təmsil olunmayacaq

Xəbərlər
22 Dekabr 2025 13:19
50
Azərbaycan Qış Paralimpiya Oyunlarında təmsil olunmayacaq

“Azərbaycan 2026-cı ildə İtaliyanın Milan və Kortina şəhərlərində keçiriləcək Qış Paralimpiya Oyunlarında təmsil olunmayacaq”.

Bu sözləri Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev deyib.

O, qış idman növlərinin Azərbaycanda kifayət qədər populyar olmadığını, lakin həm Qış İdman Növləri Federasiyasının, həm də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu istiqamətdə böyük işlərin görüldüyünü bildirib:

“Paradağ xizəyi üzrə idmançımız Polad Rzayev Qış Paralimpiya Oyunlarına reytinq xalları qazanmışdı və beynəlxalq turnirlərdə olduqca yaxşı çıxış edirdi. Təəssüf ki, biz onu Oyunlara göndərə bilməyəcəyik. Çünki yarışlara çox gec qoşulmuşdu. Qazandığı xallar Paralimpiadada iştirak üçün yetərli olmadı. Amma əminəm ki, paralimpiyaçılarımız növbəti illərdə qış idman növlərində öz qüvvələrini sınayıb, yüksək nəticələr göstərəcəklər”, - deyə Hidayət Abdullayev AZƏRTAC-a bildirib.

Qeyd edək ki, Qış Paralimpiya Oyunları martın 6-15-də təşkil olunacaq.

İdman.Biz