“Bu yarışların əsas məqsədi yeni nəsil idmançıların yetişdirilməsidir. Məhz bu idman hərəkatı sayəsində bu gün Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən və yüksək nəticələr göstərən idmançılar formalaşıb.
İdman.Biz xəbər verir ki, bunu Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti Hidayət Abdullayev Sumqayıt Paralimpiya İdman Kompleksində keçirilən Uşaq Paralimpiya Oyunlarının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
MPK rəhbəri gənc paralimpiyaçılardan gözləntilərin böyük olduğunu deyib:
“Qürur hissi ilə qeyd etmək istəyirəm ki, bu il paralimpiyaçılarımız ölkəmizə ümumilikdə 61 medal qazandırıblar. Həmin medallardan 21-i gənc idmançıların payına düşür. Ümid edirəm ki, növbəti ildə də bu nəticələri təkrarlayacaq, hətta daha yüksək göstəricilərə nail olacağıq. İnanıram ki, bu idmançılarımızdan bəzilərini, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Paralimpiya Oyunlarında görəcəyik”.
