Sentyabrda Tailandın paytaxtı Banqkokda keçiriləcək sumo üzrə dünya çempionatında mundialın keçici bayrağı Azərbaycana təhvil veriləcək.
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov deyib.
O, Yaponiyanın Osaka şəhərində baş tutan “Sumo Expo 2025” tədbirində 2026-cı ildə Bakı keçiriləcək dünya çempionatının təqdimat mərasimində iştirak etməsindən danışıb: "Tədbirə maraq olduqca böyük idi. Yığıncaqda xeyli qonaqlar iştirak edirdi. Eyni zamanda, avqustun 5-də “Osaka Expo” sərgisi çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda da dünya çempionatının təqdimatı keçirildi və ziyarətçilər tərəfindən yüksək qiymətləndirildi. Çempionatın təqdimat videosu və rəsmi maskotu olan "Azumo" artıq ictimaiyyətə tanıdılıb. O, güc və qonaqpərvərliyin rəmzidir".
Federasiya rəsmisi hazırlığa başladıqlarını söyləyib: "Hazırlıqlar artıq başlayıb. Bu ilin sentyabrında Tailandın paytaxtı Banqkokda keçiriləcək dünya çempionatında rəsmi bayraq təhvil-təslimi olacaq. Hazırlıq prosesinin gedişatı və mundialla bağlı məsələlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar veriləcək".
Qeyd edək ki, “Sumo Expo 2025” tədbirində expoda iştirak edən 158 ölkədən yalnız beşi – Azərbaycan, Ukrayna, Monqolustan, Seneqal və Yaponiyadan olan peşəkar idmançılar, rəsmi nümayəndələr ilə tədbirdə bir araya gəliblər.
İdman.biz