İDMAN.BİZ Almaniyadan: gimnastikada iki final, taekvondoçular da mübarizəyə başlayır – Azərbaycan üçün yeni medallar gözləyirik

Xəbərlər
19 İyul 2025 10:30
74
İDMAN.BİZ Almaniyadan: gimnastikada iki final, taekvondoçular da mübarizəyə başlayır – Azərbaycan üçün yeni medallar gözləyirik

Almaniyanın Reyn-Rur bölgəsində Universiada davam edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün Azərbaycan idmançıları bədii gimnastika, taekvondo, tennis, stolüstü tennis və üzgüçülük üzrə yarışlarda iştirak edəcəklər.

Bədii gimnastikada qrup yarışlarında bu gün iki final keçiriləcək. Dünən çoxnövçülük üzrə qızıl medal qazanan komanda – Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina, Kamilla Əliyeva və Yelizaveta Luzandan ibarət kollektiv – daha iki medal uğrunda mübarizə aparacaq. Gimnastlar beş lent, eləcə də üç top və iki halqa ilə çıxış edəcəklər.

Taekvondoçular da mübarizəyə başlayırlar. Bu gün Xıdır Məmmədov (54 kq), Vasif Hacıyev (68 kq), Səlimə Quliyeva (46 kq) və Leyla Bəşirova (57 kq) yarışa qoşulacaqlar.

Stolüstü tennisdə fərdi yarışlara start verilir. Nigar Mahmudova, Səbinə Məmmədova, Zemfira Mikayılova, Amin Oruczadə, Nihad Səmədzadə və Tural Mirzəyev ilk görüşlərini keçirəcəklər.

Tennisçi Kənan Qasımov ikinci mərhələdə ABŞ təmsilçisi Trevor Cozef Svayda ilə qarşılaşacaq. Daha sonra Elvin Həşimovla birlikdə cütlər yarışında fransız tennisçiləri Uilyam Cuçi və Robinson Le Meura qarşı oynayacaq.

Üzgüçülükdə Ramil Vəlizadə və Əbdürəhman Rüstəmov 200 metr məsafəyə batterflay növündə, Səid Həmidov isə 200 metr məsafəyə arxasıüstə üzücək.

Zəki Feyzullayev
İdman.biz

Məqalədə: