Azərbaycan İdman Jurnalistləri Federasiyası bəyanat yayıb.
İdman.biz xəbər verir ki, qurum futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin mətbuat nümayəndələrinin ünvanına söylədiyi fikirləri pisləyib.
Bəyənatda italiyalı mütəxəssin idman mətbuatından üzr istəməsi tələb olunur: "Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi səfərdə Belçika yığmasına 0:5 hesablı məğlubiyyətlə bitən Avropa çempionatının seçmə oyunundan sonra idman jurnalistlərinə qarşı qeyri-etik davranışa yol verib. İtaliyalı mütəxəssis xarici medianın da qatıldığı mətbuat konfransında azərbaycanlı həmkarlarımızı "axmaq" adlandıraraq, onlara qarşı hörmətsizcəsinə tədbir zalını tərk edib.
Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi olaraq, bu addımı qətiyyətlə pisləyir, De Byazinin Azərbaycan idman mediasından üzr istəməsini tələb edirik".
Qeyd edək ki, Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində Belçikaya 0:5 hesablı məğlubiyyətdən sonra azərbaycanlı jurnalistləri təhqir edib.
İdman.biz