“Biz turnirə tam hazırıq. Hazırlıqlarımız ən yüksək səviyyədə keçdi. Hər şey plan üzrə gedir”.
İdman.biz xəbər verir ki, bunu Landmark 7 turniri ilə bağlı danışan Tofiq Musayev deyib.
O, ölkəmizdə ilk dəfə təşkil olunacaq yarışda yaponiyalı Koji Takeda ilə üz-üzə gələcək. Musayev rəqibinə hörmətlə yanaşdığını və onu lazımınca təhlil etdiyini bildirib: "Hər şey döyüşün necə getməsindən asılı olacaq. Bəlkə də görüş zamanı planı dəyişəcəyik. Turnir Azərbaycanda keçirildiyi üçün məsuliyyət çoxdur. Amma buna baxmayaraq, çox sakitəm. Yaponiya mənim ikinci vətənimdir. Azərbaycanda keçirildiyi üçün bu döyüşdə ciddi zədə alsam belə sona qədər mübarizə aparacağam. 33 yaşındayam, bu haqda düşünmürəm və bildiklərimi gənc nəsillə bölüşənə qədər MMA-dan ayrılmaq fikrində deyiləm. Azərbaycanın mənə hələ də ehtiyacı var”.
Qeyd edək ki, Yaponiyanın Rizin təşkilatının Landmark 7 turniri noyabrın 4-də Milli Gimnastika Arenasında keçiriləcək.
Şəbnəm Rəhimova
İdman.biz