UFC-də Azərbaycan bayrağı ilə döyüşlərə çıxmaq mümkün olacaq

Xəbərlər
8 Oktyabr 2023 12:34
130
UFC-də Azərbaycan bayrağı ilə döyüşlərə çıxmaq mümkün olacaq

“Bayraqlar geri qayıdır. Meksikanın Müstəqillik Günündə tətildə idim və bayraqların olmaması məni dəli etdi. Buna görə də düşündüm və qərara gəldim ki, əvvəlki qərara son verim. Biz bayraqları geri qaytarırıq”.


İdman.biz xəbər verir ki, bunu UFC-nin prezidenti Dana Uayt “UFC Fight Night 229”dan sonra keçirilən mətbuat konfransında deyib.

O, döyüşçülərin yenidən təmsil etdikləri ölkənin bayrağı ilə mübarizə apara biləcəyini bildirib. Uaytın sözlərinə görə, UFC-də çox şey baş verir, tamamilə hər şeyi idarə etmək asan deyil: “Bəzən qərarlar yaxşı niyyətlə verilir. Dünyadakı əksər hadisələrə dərhal münasibət göstərdiyimi hamı bilir. Bu da çox suallara cavabdır. Son dönəmlərdə hər kəs çox yumşaq, çox həssas olub. Bayraqlar geri qayıdır. Əgər bəzi bayraqlar sizin hisslərinizi incidirsə, bu, çox pisdir”.

Bu isə o deməkdir ki, UFC-də Azərbaycan bayrağı altında çıxış edən Rafael Fiziyev və Nazim Sadıqov döyüşlərə 3 rəngli bayrağımızla çıxa biləcək.

Qeyd edək ki, döyüşçülərin dövlət bayraqlarının nümayişinə qadağa 2022-ci ilin yazından qüvvəyə minmişdi.

İdman.biz