Xocasən qəsəbəsində "Sağlam məhəllə” idman zonası istifadəyə verilib.
İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin istifadəyə verdiyi sayca beşinci olan idman zonasında minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib.
Meydança “5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibəti ilə təşkil edilmiş rəsm müsabiqəsinin hərracından əldə edilən vəsait və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istifadəyə verilib.
Açılışda gənclər və idman naziri Fərid Qayıbov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, “Ulduz” Futbol Akademiyasının uşaqları və Xocasən qəsəbəsinin sakinləri iştirak ediblər.
Nazir Fərid Qayıbov bildirib ki, bu layihə idmanın inkişafına böyük fayda verəcək: “Növbəti idman meydançası bu dəfə Xocəsəndə açıldı. Burada bir meydança var idi, amma yararsız hala düşmüşdü. Layihə əsasında yenidən təmir olundu. Kifayət qədər məşhur yerdir. Uşaqların bura marağı böyükdür. Biz İdman Gününə həsr olunmuş idman hərracı keçirmişdik. Bu auksion nəticəsində yığılan vəsait ilə bu meydança yenidən bərpa edildi”.
Fərid Qayıbovun sözlərinə görə, Azərbaycanın müxtəlif şəhərlərində də növbəti layihələr olacaq.
Binəqədi rayonu icra başçısı Elxan Allahverdiyev Xocəsən qəsəbəsində GİN-nin təşəbbüsü ilə belə gözəl məhəllənin istifadəyə verilməsini sakinlər üçün sevindirici hal adlandırıb: “Burada olan uşaqlar hər biri ətrafda yaşayanlardır. Düşünürəm ki, bundan sonra uşaqlar idmanla rahat məşğul olacaqlar. “Sağlam məhəllə”də qısa müddətdə voleybol, futbol, basketbol üzrə müxtəlif bölmələr təşkil olunacaq. Uşaqlar idmanla məşğul olacaqlar və sağlam böyüyəcəklər".
Qeyd edək ki, layihə çərçivəsində daha bir məhəllənin açılışı gələn həftəyə planlaşdırılır.
Emin Ağa
İdman.biz