Fərid Qayıbov: “Dövlətin həm idmana, həm də mediaya olan diqqət və qayğısı nəticəsində bu gün idmanımız və mediamız sürətlə inkişaf edir"

Xəbərlər
26 Sentyabr 2023 16:10
197
Fərid Qayıbov: “Dövlətin həm idmana, həm də mediaya olan diqqət və qayğısı nəticəsində bu gün idmanımız və mediamız sürətlə inkişaf edir"

“İdmançılarımız bizi daima qələbələrlə sevindirir. Dünən biz vətənə dönən güləşçilərimizi qarşıladıq. Yunan-Roma güləşçilərimiz komanda hesabında dünya çempionları oldular. Bu xəbərləri də yeni fəaliyyətə başlayan idman.biz saytında görə bilirik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Trend BİA-nın "İdman və biz" (İdman.biz) layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu saytdan həmişə belə qələbə xəbərlərini oxumaq gözəl olar: "İdman Azərbaycanın dövlət siyasətidir. Dövlətin həm idmana, həm də mediaya olan diqqət və qayğısı nəticəsində bu gün idmanımız və mediamız sürətlə inkişaf edir. Bu tip media resurslarımız yaranır, fəaliyyət göstərir. Trend agentliyinə də təşəkkür edirəm ki, idmana da xüsusi diqqət ayırırlar, İdman və Gənclər Nazirliyi olaraq bu bizi çox sevindirir. Saytın 3 dildə yayımlanmasını xüsusi vurğulamaq lazımdır. Xüsusilə ingilis dilində Azərbaycan idman xəbərləri, idman yeniliklərinin yayımlanması yenilikdir. İdman.biz saytında ingilis dilində də xəbərlərin yayımlanması Azərbaycan idmanı haqqında dünyada daha çox məlumatın paylaşılmasına vasitə olacaq. Layihəyə gələcək fəaliyyətində uğurlar arzu edirəm".

Qeyd edək ki, bu gün Trend BİA-nın İdman və biz (idman.biz) layihəsinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Trend BİA-nın direktoru İlqar Hüseynov digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə qeyd olunub ki, İdman.biz saytında bütün idman növləri haqqında məlumat veriləcək. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək. Unikal texniki imkanlarımız, peşəkar mütəxəssislərimiz və komandamız vasitəsilə xəbərlərimiz eyni vaxtda hər üç dildə yayımlanacaq.

İdman.biz