AMADA-da Avstriya və Yunanıstan Milli Antidopinq agentliklərinin rəhbərləri ilə görüş - FOTO

Xəbərlər
20 Fevral 2024 22:27
AMADA-da Avstriya və Yunanıstan Milli Antidopinq agentliklərinin rəhbərləri ilə görüş - FOTO

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) dəvəti ilə Avstriya və Yunanıstan Milli Antidopinq agentliklərinin rəhbərləri ölkəmizə səfər ediblər.

İdman.biz xəbər verir ki, qonaqlar “Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransda iştirak edəcəklər.

Bu gün AMADA-nın ofisində Avstriya Milli Antidopinq Agentliyinin icraçı direktoru Mixael Sepik və Yunanıstan Milli Antidopinq Agentliyin rəhbəri Qriqorios Leon ilə görüş olub.

Qonaqları salamlayan AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışaraq, beynəlxalq antidopinq siyasətinin inkişafında birgə fəaliyyətin vacibliyini diqqətə çatdırıb, təcrübə mübadiləsinin önəmini vurğulayıb.

Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən qonaqlar birgə əməkdaşlığın gələcəkdə qlobal antidopinq siyasətinə yeni töhfə verəcəyini, elmi araşdırmaların aparılmasına və layihələrin təşkil olunmasına yeni imkanlar açacağını bildiriblər.

Qeyd edək ki, “Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfrans fevralın 21-də Bakıda idmançı köməkçi heyəti, ayın 23-də isə Qubada beynəlxalq səviyyəli idmançılar üçün təşkil olunacaq. Tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi, AMADA və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) media tərəfdaşlığı ilə keçiriləcək.

İdman.biz

Məqalədə: