Kriştianu Ronaldu mineral su biznesinə 10 milyon avro yatırıb

17 Oktyabr 2026 16:08
98
Kriştianu Ronaldu mineral su biznesinə 10 milyon avro yatırıb

Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu yeni mineral su brendinin yaradılmasına 10 milyon avro (19,1 milyon manat) sərmayə qoyub. O, layihənin 50 faizinə sahib olacaq.

İdman.Biz "SIC Notícias"a istinadən xəbər verir ki, layihəyə Ronaldu ilə yanaşı, Portuqaliyanın "Grupo Outeirinho" şirkəti də 10 milyon avro investisiya yatırıb. Beləliklə, yeni brendin yaradılması üçün ümumilikdə 20 milyon avro (38,2 milyon manat) vəsait ayrılıb.

Hazırda Portuqaliyanın Braqansa bələdiyyəsinə daxil olan "Qoştey" yaşayış məntəqəsində mineral suyun qablaşdırılması üçün zavod tikilir. Müəssisənin tikintisinin başa çatdırılması və məhsulun həm Portuqaliya, həm də beynəlxalq bazarlara çıxarılması 2027-ci ilin sonuna planlaşdırılır.

Yeni brendin dizaynı ilə İtaliyanın dizayn şirkətlərindən biri məşğul olur. "Grupo Outeirinho" layihənin mərhələli şəkildə həyata keçirilməsi nəticəsində onlarla yeni iş yerinin yaradılacağını bildirib. Şirkətin məlumatına görə, o, Portuqaliya su bazarının 45 faizinə sahibdir.

Qeyd edək ki, Kriştianu Ronaldu daha əvvəl də mineral su biznesinə yatırım edib. O, 2023-cü ilin iyununda Madriddə təqdim olunan "Ursu9" mineral su brendinin də şəriki olub.

İdman.Biz
Məqalədə: