2026-cı ildə dünyanın idman paytaxtı olan Bakı bu il müxtəlif idman növləri üzrə yarışlara ev sahibliyi edib. Oktyabrın 17-18-də isə paytaxtımızda yerli tamaşaçılar üçün ən qeyri-adi idman növlərindən biri - sumo üzrə dünya çempionatı keçiriləcək.
Bu idman növü üzrə dünya çempionatı ilk dəfə Azərbaycanda təşkil olunacaq. Yarışlar tamaşaçılara qədim yapon güləşi ilə daha yaxından tanış olmaq imkanı verəcək. Üstəlik, Azərbaycanın dünya və Avropa çempionatlarının mükafatçıları olan sumoçuları var. Onlar doğma meydanda da yüksək nəticələr uğrunda mübarizə aparmağa qadirdirlər.
Qeyd edək ki, insanların çoxunda sumo haqqında təsəvvür əsasən filmlərdən formalaşıb: iri cüssəli, saçlarını ənənəvi formada toplayan güləşçilər dairəyə çıxır və rəqiblərini meydandan kənara itələməyə çalışırlar. Lakin bu mənzərə, ilk növbədə, Yaponiyanın peşəkar sumosuna aiddir.
Bakıda keçiriləcək dünya çempionatı fərqli qaydalar əsasında təşkil olunacaq və Yaponiyada keçirilən ənənəvi turnirlərdən xeyli fərqlənəcək. Söhbət eyni idman növünün iki formatından - peşəkar yapon sumosu (odzumo) və beynəlxalq həvəskar sumodan gedir.
Əsas fərq yarış sistemindədir. Peşəkar sumoda güləşçilər divizionlara və rütbələrə bölünən reytinq sistemi üzrə mübarizə aparırlar. İl ərzində hər biri 15 gün davam edən altı böyük turnir keçirilir. Dünya və Avropa çempionatlarında isə idmançılar öz ölkələrinin milli komandalarını təmsil edir və müəyyən edilmiş çəki dərəcələrində yarışırlar. Proqrama həm fərdi, həm də komanda yarışları daxildir.
İştirakçıların tərkibi də fərqlidir. Yaponiyanın peşəkar sumosunda qadınlar yarışmırlar. Beynəlxalq həvəskar sumoda isə qadınlar üçün ayrıca yarışlar təşkil olunur. Bundan başqa, peşəkar sumoda çəki dərəcələri mövcud deyil.
İdmançıların geyimində də fərqlər var. Peşəkar yapon sumosunda güləşçilər ənənəvi mawashi kəməri ilə, alt paltarı geyinmədən mübarizə aparırlar. Beynəlxalq həvəskar sumoda isə mawashi kəmərinin altında əlavə geyimdən istifadə olunur. Kişilər alt paltarı və ya bədənə kip oturan şort, qadınlar isə idman maykası və ya gimnastika geyimi geyinirlər. Bununla belə, güləşin əsas prinsipləri və ənənəvi mərasimləri qorunub saxlanılır. Sadəcə, yarışların miqyası və təşkili fərqlənir.
Bakı İdman Sarayında tamaşaçılar məhz beynəlxalq həvəskar sumo yarışlarını izləyəcəklər. Dünya çempionatında 30-a yaxın ölkədən idmançının iştirakı gözlənilir. Medallar uğrunda böyüklərlə yanaşı, U-18 yaş qrupunda oğlanlar və qızlar da mübarizə aparacaqlar.
Bununla belə, bəzi xarici iştirakçılar Bakıya gəlmək üçün çətinliklərlə üzləşiblər. Bolqarıstan mediasının məlumatına görə, bu ölkənin sumoçuları hətta çəkiölçmə mərasiminə gecikmək təhlükəsi ilə üzləşiblər. Çərşənbə günü İstanbuldan Bakıya uçmalı olan təyyarə Türkiyənin ən böyük şəhərində baş verən güclü fırtına səbəbindən reysini ləğv edib. Nəticədə idmançılar gecəni İstanbulda keçirməli və yalnız ertəsi gün yola düşməli olublar. Bolqarıstan millisi Bakıya səhər saat 4-də çatıb və hava limanından birbaşa çəkiölçmə mərasiminə yollanıb.
Qeyd edək ki, Bolqarıstan millisində titullu sumoçular yer alır. 73 kq-dək çəki dərəcəsində mübarizə aparan Anna Metodiyeva Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısıdır. Presiyan Mixov (85 kq-dək) 2026-cı ildə Avropa çempionu olub, həmçinin Avropa Oyunlarının bürünc medalını qazanıb. İvan Blaqoyev (100 kq-dək) isə 2025-ci ildə Banqkokda keçirilən dünya çempionatının bürünc mükafatçısıdır.
Bolqarıstanın digər təmsilçisi Simeon Stankoviç (115 kq-dək) 2026-cı il Avropa çempionatında azərbaycanlı Cavid Yusifova məğlub olub. Yusifov daha sonra qızıl medal qazanıb. Hər iki idmançı Bakıda çıxış edərsə, onların dohyo adlanan sumo meydanında yenidən qarşılaşmaq imkanı olacaq.
Azərbaycanın da medal mübarizəsində öz sözünü demək üçün ciddi əsasları var.
Azərbaycanlı sumoçular beynəlxalq arenada ilk dəfə 2007-ci ildə çıxış ediblər. Artıq 2013-cü ildə Namiq Sadıqov və Əmiraslan Əhmədov Varşavada keçirilən Avropa çempionatında fərdi yarışlarda qızıl medal qazanıblar. Onlar komanda yarışlarında da uğurla çıxış ediblər.
Azərbaycan millisinin 2023-cü ildə Avropa Kubokunun komanda hesabında qazandığı qələbə də mühüm nailiyyətlərdəndir. Estoniyanın Vinni şəhərində keçirilən turnirdə təmsilçilərimiz üç qızıl və üç gümüş medal qazanaraq komanda hesabında Polşa və Ukraynanı qabaqlayıblar.
Xüsusilə, Camal Feyziyev fərqlənib. O, həm 115 kq-dan yuxarı çəki dərəcəsində, həm də mütləq çəkidə qalib olub. Feyziyev çimərlik güləşində də uğurla çıxış edir. Belə ki, idmançı bu il Bakıda keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının ölkəmizdəki mərhələsində qızıl medal qazanıb.
2023-cü ildə Avropa Kubokunda daha bir qızıl medalı 85 kq-dək çəki dərəcəsində çıxış edən Röyal Ağamalıyev əldə edib. O, həmin il Tokioda keçirilən dünya çempionatında da Azərbaycana gümüş medal qazandırıb. Finala gedən yolda Tacikistan, Macarıstan və Monqolustan təmsilçilərini məğlub edən idmançımız həlledici görüşdə dünya və Avropanın dəfələrlə çempionu olmuş ukraynalı Sviatoslav Semikrasla bacarmayıb.
Azərbaycan sumosunun son illərdəki uğurlarından danışarkən Şotlandiyanın Stirlinq şəhərində keçirilən son Avropa çempionatının nəticələrini də qeyd etmək lazımdır. Cavid Yusifov 115 kq-dək çəki dərəcəsində qitə çempionu olub. Əmrah Şəfiyev isə 85 kq-dək çəki dərəcəsində və mütləq çəkidə iki bürünc medal qazanıb. Azərbaycan millisi komanda yarışlarında da üçüncü yeri tutub.
Diqqət çəkən digər azərbaycanlı sumoçu isə dünya və Avropa çempionatlarının mükafatçısı olan Çingiz Səmədovdur.
Bakıda keçiriləcək dünya çempionatına xüsusi maraq qatacaq məqamlardan biri də sumonun əfsanələrindən sayılan Hakuho Senin paytaxtımıza səfəridir. Monqolustan əsilli sabiq peşəkar sumoçu bir sıra rekordlara imza atıb və bu nailiyyətləri Ginnesin Rekordlar Kitabında qeydə alınıb. O, həmçinin Yaponiya sumosunda ömürlük verilən ən yüksək dərəcə – yokozuna titulunu qazanıb.
Hakuho Senin Bakıda yarışın ən məşhur qonağı olacağı gözlənilir. Qeyd edək ki, bu, onun Azərbaycana ilk səfəri deyil. Sumo əfsanəsi ötən il də paytaxtımızda olub. Həmin vaxt ona qarşıdakı dünya çempionatı haqqında ətraflı məlumat verilib və yarışın rəsmi talismanı "Azumo" təqdim olunub.
Beləliklə, qarşıdakı həftəsonu qədim yapon ənənələrini müasir beynəlxalq yarışlarla birləşdirən sumo idman növü ilə yaxından tanış olmaq üçün yaxşı fürsət olacaq. Eyni zamanda, bu yarışlar Azərbaycan sumoçularına doğma azarkeşlər önündə dəstək olmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
