Stokholmda müxtəlif ölkələrdən 450-yə yaxın idmançının iştirak etdiyi Braziliya ciu-citsusu üzrə “Battle of Stockholm” turniri keçirilib.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda İsveçdə yaşayan və Azərbaycanı təmsil edən 16 yaşlı Amadeus Manquliyev də iştirak edib. Çəkisi 104 kiloqram olan idmançı böyüklər arasında ağ kəmər sahiblərinin 100,5 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparıb.
Yarış zamanı A.Manquliyev 22 yaşlı isveçli idmançı Tor Papinniemi ilə qarşılaşıb və 10:0 hesabı ilə inamlı qələbə qazanıb. Turnirin yekunlarına əsasən, Amadeus Manquliyev qızıl medala layiq görülüb.
Yarışlar “Eriksdalshallen” idman kompleksində keçirilib. Görüşlər eyni vaxtda beş tatamidə baş tutub. İdmançılar gün ərzində müxtəlif yaş və çəki kateqoriyalarında mübarizə aparıblar.
Bu, 16 yaşlı Amadeusun cari ildə ilk uğuru deyil. O, mayın 23-də Stokholmda keçirilən “Stockholm BJJ Open” turnirində 100,5 kiloqramdan yuxarı çəki dərəcəsində gümüş medal qazanıb. Ümumilikdə, bu il idmançının aktivində üç qızıl və bir gümüş medal var.

