Dünən Avropa çempionu olan Azərbaycan minifutbol millisi ölkə azarkeşlərinə xüsusi sevinc yaşamaq üçün nadir fürsət bəxş etdi. Söhbət ənənəvi olaraq Azərbaycan idmanının zəif tərəfi hesab edilən komanda idman növlərindəki uğurdan gedir. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv artıq üç böyük titul qazanıb: ikiqat Avropa çempionu və dünya çempionu adını.
Əlbəttə, minifutbol populyarlıq və miqyas baxımından klassik futbol ilə müqayisə oluna bilməz. Lakin bu, komandanın xidmətlərini heç də azaltmır. Xüsusilə də nəzərə alsaq ki, milli klassik futboldan fərqli olaraq yalnız azərbaycanlı futbolçulardan ibarətdir.
Bununla belə, böyük futbolda da ölkənin idmansevərlərinin qürur duyacağı səbəblər var. Söhbət, şübhəsiz ki, artıq təkcə Azərbaycanda deyil, Avropada da tanınan “Qarabağ” klubundan gedir. Komandanın son illərdə nə qədər inkişaf etdiyini aydın görmək mümkündür. Belə ki, 2017/18 mövsümündə “Qarabağ” Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmişdi. Ötən mövsüm isə daha bir addım irəli ataraq pley-off mərhələsinə vəsiqə qazanm v
Digər mühüm nailiyyətlər futzalla bağlıdır. 2009/10 və 2013/14 mövsümlərində “Araz-Naxçıvan” UEFA Kubokunda üçüncü yeri tutub. 2010-cu ildə isə Azərbaycan millisi debüt etdiyi Avropa çempionatında sensasion şəkildə yarımfinala qədər irəliləmişdi.
Azərbaycan voleybolunun da qızıl dövrləri olub. 2002-ci ildə “Azərreyl” qadın voleybol klubu “CEV Top Teams” Kubokunu (indiki CEV Kuboku) - Çempionlar Liqasından sonra əhəmiyyətinə görə ikinci Avropa klub turnirini qazanıb.
2010-cu illərdə isə beynəlxalq arenada “Rabitə Bakı” voleybol klubu parlayıb. Komanda Azərbaycan klub idmanına ilk dünya titulunu qazandırıb. 2011-ci ildə klublararası dünya çempionatının qalibi olub və finalda Türkiyənin “VakıfBank” komandasını 3:0 hesabı ilə məğlub edib. Artıq növbəti - 2012-ci ildə həmin yarışda gümüş medal əldə edib. Bundan başqa, komanda 2011 və 2013-cü illərdə CEV Çempionlar Liqasının gümüş mükafatçısı olub, 2014-cü ildə isə bürünc medal qazanıb.
Azərbaycanın qadın voleybol millisi də uzun müddət yüksək səviyyədə çıxış edib. Komanda 2005-ci ildə (debütündə) və 2017-ci ildə Avropa çempionatlarını dördüncü pillədə başa vurub.
Vaxtilə basketbol da azarkeşləri sevindirirdi. Azərbaycanın kişi basketbol millisi 2005-ci ildə Məkkədə keçirilən ilk İslam Həmrəyliyi Oyunlarında tarixi qızıl medal qazanıb. Bundan əlavə, milli 2006 və 2008-ci illərdə kiçik ölkələr arasında Avropa çempionu olub.
3x3 basketbolda (stritbol) da uğurlar əldə edilib. Kişi millisi 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının qızıl medalını, 2021-ci ildə isə Türkiyənin Konya şəhərində təşkil olunan yarışın gümüş medalını qazanıb.
Son illərdə 3x3 basketbolda liderlik qadın millisinin əlinə keçib. Komanda 2026-cı ildə FIBA Çempionlar Kubokunun tarixi gümüş medalını əldə edib. 2024-cü ildə isə Olimpiya Oyunlarına vəsiqə qazanıb. Beləliklə, millimiz ölkənin komanda idman növləri tarixində dördilliyin ən mötəbər yarışında iştirak edən ilk kollektiv olub. Pley-off mərhələsinə yüksəlmək mümkün olmasa da, basketbolçular turnir ərzində həmin vaxtın Olimpiya çempionu olan ABŞ yığması üzərində sensasion qələbə qazanıblar.
Komanda idman növləri tarix boyu tez-tez olmasa da, Azərbaycan azarkeşlərinə bir çox parlaq emosiyalar yaşadıb. Təəssüf ki, bu uğurların bir çoxu zaman keçdikcə sönüb və daha böyük nailiyyətlərə çevrilməyib. Ancaq bəlkə də minifutbol millisinin növbəti zəfəri Azərbaycanın digər komanda idman növlərinə də ilham verəcək.
