Bakıda qlobal idman ictimaiyyətinin ən nüfuzlu tədbirlərindən biri olan “SportAccord” Konvensiyasının keçiriləcəyi yeni tarixlər müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası məlumat yayıb.
Bildirilib ki, 120-dən çox beynəlxalq federasiyanı birləşdirən tədbir gələn il mayın 9-13-də təşkil olunacaq.
2026-cı il üçün nəzərdə tutulan tarixlərdə edilmiş dəyişikliklərə uyğun olaraq, “SportAccord” və Azərbaycandakı tərəfdaşlar tədbirin bütün iştirakçılar üçün ən yüksək səviyyədə təşkil olunması məqsədilə yeni tarixlərin müəyyənləşdirilməsi istiqamətində sıx əməkdaşlıq ediblər. Beləliklə, paytaxt Bakı Beynəlxalq Olimpiya Komitəsi, beynəlxalq federasiyalar, ev sahibi şəhərlər, media və yayım tərəfdaşları, eləcə də idman sənayesinin aparıcı nümayəndələrini bir araya gətirərək son illərin ən çox gözlənilən konvensiyalarından biri üçün xüsusi platformaya çevriləcək.
“SportAccord”un prezidenti Uğur Erdener bildirib ki, Bakı onun üçün xüsusi əhəmiyyət daşıyır: “Əminəm ki, bu şəhər konvensiyamızın növbəti tədbirini ən yüksək səviyyədə təşkil edəcək. Bu proses ərzində azərbaycanlı tərəfdaşlarımızın nümayiş etdirdiyi əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Biz konvensiyanın qlobal idman hərəkatı üçün rolunu və əhəmiyyətini daha da inkişaf etdirməyə davam edirik. Bu baxımdan, tədbir “SportAccord” üçün də mühüm mərhələ olacaq”.
Gənclər və idman naziri Fərid Qayıbov isə deyib ki, “Dünya İdman Paytaxtı” olaraq Bakı bu mötəbər tədbirə hazırdır: “Azərbaycan beynəlxalq idman ictimaiyyətini qarşılamağı və “SportAccord” ilə davamlı tərəfdaşlığını əks etdirən bu tədbirə ev sahibliyi etməyi səbirsizliklə gözləyir. Əminik ki, mayın 9–13-ü beynəlxalq idmanın gələcəyi üçün mühüm mərhələ kimi yadda qalacaq”.
“SportAccord”, həmçinin cari il ərzində bir sıra təşəbbüslər üzərində fəaliyyətini davam etdirir və yaxın həftələrdə əlavə yeniliklərin açıqlanması nəzərdə tutulur. Eyni zamanda, təşkilat konvensiyanın gələcək tədbirləri ilə bağlı bir neçə digər şəhərlə müzakirələr aparır və qarşıdakı illər üçün əlavə ev sahibi şəhərlərin elan olunması planlaşdırılır.
Xatırladaq ki, daha əvvəl konvensiyanın bu il mayın 24–28-də keçirilməsi planlaşdırılırdı.
