“Babək Əliyevin hansı italiyalıdan danışdığını bilmirəm” - Canpolad Budaqovun İDMAN.BİZ-ə AÇIQLAMASI

13 Mart 2026 17:54
100
“Babək Əliyevin hansı italiyalıdan danışdığını bilmirəm” - Canpolad Budaqovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycan Kunq-fu Federasiyasının vitse-prezidenti Babək Əliyevin son müsahibəsi qalmaqala səbəb olub.

İdman.Biz xəbər verir ki, Babək Əliyev vaxtilə turnirlərin birində italiyalı rəqibini məğlub etdiyini bildirib. Onun sözlərinə görə, həmin idmançı daha əvvəl Azərbaycan uşusunun tarixində yeganə dünya çempionu olan Canpolad Budaqovu məğlub etmişdi.

Tanınmış idmançının bu məsələyə reaksiyası isə gecikməyib.

Canpolad Budaqov İdman.Biz-ə açıqlamasında Azərbaycan Kunq-fu Federasiyasının nümayəndəsinin sözlərini sərt şəkildə təkzib edib, onları uydurma adlandırıb və onun iştirak etdiyi yarışların statusunu şübhə altına alıb.

“Əvvəla onu deyim ki, mən heç vaxt heç bir italiyalıya uduzmamışam və başa düşmürəm ki, Babək Əliyev niyə belə yalan yayır. Mən onu idmançı kimi ümumiyyətlə tanımıram və yalnız bir dəfə görmüşəm - ötən il onların federasiyası məni fəxri fərman təqdim etmək üçün dəvət edəndə.

Kunq-fu üzrə bizim nümayəndələr heç vaxt bizim qatıldığımız dünya çempionatlarında iştirak etməyiblər. Komandamız yalnız bir dəfə - 2001-ci ildə - onların “dünya çempionatı” adlandırdıqları Peruca şəhərində keçirilən illik turnirdə çıxış edib. Yarışın səviyyəsi o qədər zəif idi ki, nə mən, nə də digər ciddi uşuçular bir daha oraya getmədik” - deyə Canpolad Budaqov fikrini tamamlayıb.

İdman.Biz