Kolleksiyaçıların ağlasığmaz həvəsi: Bir kart üçün 5,2 milyon dollar - FOTO

13 Mart 2026 17:29
66
Kolleksiyaçıların ağlasığmaz həvəsi: Bir kart üçün 5,2 milyon dollar - FOTO

Kolleksiya dünyasında növbəti səs-kuy doğuran sövdələşmə baş tutub. ABŞ-də “Nyu-York Yankiz” beysbol komandasının ulduz oyunçusu Aaron Cacca məxsus nadir kart fantastik qiymətə alıcı tapıb.

İdman.Biz xəbər verir ki, anonim alıcı bu kart üçün 5,2 milyon dollar (8 milyon 840 min AZN) ödəyib.

Söhbət 2013-cü ildə cəmi bir nüsxədə çap olunmuş “Bowman Chrome Draft Superfractor” kartından gedir. Bu kartı dəyərli edən təkcə tək nüsxə olması deyil, həm də üzərində idmançının şəxsi imzasının olmasıdır.

Maraqlıdır ki, bu kolleksiya nümunəsinin qiyməti cəmi bir neçə il ərzində dəfələrlə artıb. Belə ki, 2022-ci ildə həmin kart hərraca çıxarılanda onun qiyməti cəmi 324 min dollar (550 min AZN) təşkil edirdi.

Lakin bu, idman tarixindəki ən baha kart deyil. Hazırda dünya rekordu basketbol əfsanələri Maykl Cordan və Kobi Brayantın imzalarının olduğu 2007-2008-ci illərə aid “Upper Deck Exquisite” kartına məxsusdur. Həmin kart ötən ilin avqustunda 12,9 milyon dollara (21 milyon 930 min AZN) satılıb. Ondan bir qədər az məbləğ isə beysbolçu Mikki Mentlin 1952-ci ilə aid kartına (12,6 milyon dollar) ödənilib.

İdman.Biz