8 mart tarixi idman dünyasında yalnız bayram kimi deyil, həm də stereotipləri qıran və yaddaşlara həkk olunan tarixi hadisələrlə seçilir. İllər öncə məhz bu gündə idman tarixində inqilab edən hadisələr baş verib.
İdman.Biz tarixin bu gününə təsadüf edən ən maraqlı hadisələri təqdim edir:

Əsrin döyüşü: Co Frezer Məhəmməd Əliyə qarşı (1971)
Boks tarixinin ən böyük hadisələrindən biri məhz 1971-ci ilin 8 martında baş tutub. Nyu-Yorkun “Medisen Skver Qarden” arenasındakı döyüşdə iki məğlubedilməz ağırçəkili - Məhəmməd Əli və Co Frezer üz-üzə gəlib. 15 raund davam edən və “Əsrin döyüşü” adlandırılan bu qarşılaşmada Frezer Əlini hakimlərin yekdil qərarı ilə məğlub edərək onun məğlubedilməzlik seriyasına son qoyub.

AFC Qadın Futbol Günü (8 mart 2015-ci ildən)
Asiya Futbol Konfederasiyası (AFC) 2015-ci ildən etibarən hər il 8 martı rəsmi olaraq “Qadın Futbol Günü” kimi qeyd edir və bu tarixdə qitə miqyasında qadın futbolunun inkişafı üçün tədbirlər keçirilir.

“Barselona”dan tarixi “Remontada” (2017)
Futbol tarixinin ən inanılmaz geri dönüşlərindən biri 2017-ci il martın 8-də qeydə alınıb. Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Barselona” ilk matçda 0:4 hesabı ilə uduzduğu PSJ-ni “Kamp Nou”da qəbul edib. Kataloniyalılar 6:1 hesablı möcüzəvi qələbə qazanaraq növbəti mərhələyə adlayıblar. Bu hadisə futbol tarixinə “La Remontada” kimi düşüb.

Qadınlar idmanında tamaşaçı rekordu (2020)
8 mart Beynəlxalq Qadınlar Günündə idman aləmində gender bərabərliyini simvolizə edən böyük rekord da qeydə alınıb. Avstraliyada keçirilən Qadınlar arasında T20 Dünya Kubokunun finalında (Avstraliya - Hindistan matçı) stadiona 86 174 tamaşaçı toplaşıb. Bu, qadınların iştirak etdiyi idman yarışları tarixində ən yüksək göstəricilərdən biri kimi tarixə düşüb.
