Braziliyanın “İquatu” komandası ştat çempionatının təsəlliverici finalında qazandığı uğuru qeyri-adi şəkildə qeyd edib.
İdman.Biz xəbər verir ki, komanda finalda “Horizonti” üzərində 3:1 hesablı qələbə qazanıb. Bu, mahiyyət etibarilə beşinci yer uğrunda oyun olsa da, qalibə kubok təqdim olunurdu.
Sevincə isə hamının sevimlisi olan “Ze Roberto” ləqəbli it də qoşulub. O, ötən mövsümün əvvəlində klubda peyda olub və heyvanı müdafiəçi Tafinha himayəsinə götürüb. Bundan sonra “Ze Roberto” stadionda – “Antonio Moreno de Melo” arenasında yaşamağa başlayıb, daim bəslənib və azarkeşlərin, futbolçuların sevgisini qazanıb.
Bildirilir ki, o, hər gün məşq meydanına gəlir və matçlar zamanı uzaqlaşdırılmağı sevmir. Komanda kubok qazandığı gün isə yenə hamı ilə birlikdə meydanda olub və uğuru futbolçularla “çiyin-çiyinə” qeyd edib.
