Beynəlxalq Olimpiya Komitəsi (IOC) Azərbaycan Milli Olimpiya Komitəsinə (MOK) idmançıların hüquq və vəzifələrindən ibarət bəyannamə göndərib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb.
Sənəddə qeyd olunur ki, bəyannamə Olimpiya Hərəkatı çərçivəsində və onun üzvlərinin səlahiyyət dairəsində olan idmançılar üçün ümumi hüquq və vəzifələr toplusunu özündə əks etdirir. Bəyannamədə İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsindən və digər beynəlxalq səviyyədə tanınmış insan hüquqları standartlarından, prinsiplərindən və müqavilələrindən istifadə edilib. Məqsəd Olimpiya Hərəkatının fəaliyyətinə istiqamət verməkdir.
İdmançıların hüquqları və vəzifələri bəyannaməsi idmançılar tərəfindən və idmançılar üçün onların baxışlarını özündə əks etdirən beynəlxalq məsləhətləşmə ilə hazırlanıb. Bildirilir ki, Olimpiya Hərəkatının bütün üzvləri, xüsusilə Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq idman federasiyaları və Milli Olimpiya komitələri bu hüquq və vəzifələrə hörmətin təşviq edilməsinə səy göstərəcəklər.
Beynəlxalq Olimpiya Komitəsi tərəfindən göndərilən bəyannamədə idmançıların hüquqları bölməsi 12 bənddən ibarətdir. Həmin bəndlərin hər biri idmançıların imkan və hüquqlarını təşviq edir:
1. İrq, dəri rəngi, din, yaş, cins, cinsi oriyentasiya, əlillik, dil, siyasi və ya digər fikir, milli və ya sosial mənşə, mülkiyyət, doğum və ya digər dəyişməz status əsasında ayrı-seçkiliyə məruz qalmadan idmanla məşğul olmaq və yarışlarda iştirak etmək.
2. Xüsusilə dopinqə və yarışların manipulyasiyasına qarşı mübarizə aparan,şəffaf hakimlik/refereylik, seçim və kvalifikasiya proseslərini, habelə müvafiq yarış və məşq cədvəllərini təmin edən şəffaf, ədalətli və təmiz idman mühitinin bir hissəsi olmaq.
3. İdmançı və yarışlarla bağlı ümumi məlumatlara vaxtında və aydın şəkildə çıxış əldə etmək.
4. İdmanla fəal şəkildə məşğul olduğu və yarışdığı dövrdə, idmançının öz seçimi əsasında və mümkün olduğu hallarda, idmanla bağlı təhsilə, eləcə də işləmək və ya təhsil almaq imkanına malik olmaq.
5. Olimpiya Xartiyasını, yarış qaydalarını, idman təşkilatlarının intellektual mülkiyyət və digər hüquqlarını nəzərə almaqla, idman karyerası, adı və imici ilə əlaqədar gəlir əldə etmək imkanlarından yararlanmaq.
6. Ədalətli və bərabər gender təmsilçiliyi.
7. Təhlükəsiz yarış və məşq mühiti də daxil olmaqla, zorakılıq və təzyiqdən qorunmaqla yanaşı, psixi və fiziki sağlamlığın qorunması.
8. Olimpiya Hərəkatına daxil olan idman təşkilatlarında seçilmiş idmançı təmsilçiliyi.
9. Qisas qorxusu olmadan qeyri-etik davranışlar barədə məlumat vermək.
10. Şəxsi məlumatların qorunması da daxil olmaqla, şəxsi həyatın toxunulmazlığı.
11. Fikir və ifadə azadlığı.
12. Müstəqil və qərəzsiz orqan tərəfindən ağlabatan müddətdə ədalətli dinləmə hüququ, açıq dinləmə tələb etmək hüququ və effektiv hüquqi müdafiə hüququ da daxil olmaqla, lazımi hüquqi prosedur.
Bəyannaməni ikinci bölməsində yer alan idmançıların vəzifələri isə 10 bənddən ibarətdir:
1. Olimpiya dəyərlərinə sadiq qalmaq və Olimpiya prinsiplərinə riayət etmək.
2. İdmanın bütövlüyünə hörmət etmək və xüsusilə dopinqdən istifadə etməməklə və yarışları manipulyasiya etməməklə təmiz idmançı kimi yarışmaq.
3. Beynəlxalq Olimpiya Komitəsinin Etika Kodeksinə uyğun davranmaq və dopinq, yarış manipulyasiyası, qadağan olunmuş ayrı-seçkilik, zorakılıq və təzyiq halları da daxil olmaqla qeyri-etik davranışlar barədə məlumat verməyə təşviq olunmaq.
4. Müvafiq milli qanunvericiliyə, idman növünün və aidiyyəti idman təşkilatının təsnifat və yarış qaydalarına, habelə Olimpiya Xartiyasına riayət etmək.
5. Digər idmançıların, onların əhatə dairəsinə daxil olan şəxslərin, könüllülərin və idman mühitində olan bütün şəxslərin hüquq və rifahına hörmət etmək, onlara qarşı ayrı-seçkiliyə yol verməmək, habelə yarışlarda, yarış məkanlarında və mərasimlərdə siyasi nümayişlərdən çəkinmək.
6. Olimpiya Hərəkatının həmrəylik prinsipinə hörmət etmək; bu prinsip idmançılar və Olimpiya Hərəkatının üzvləri arasında qarşılıqlı yardım və dəstəyin göstərilməsinə imkan yaradır.
7. Təmiz idmanı təşviq etməklə yanaşı, nümunəvi davranış nümayiş etdirmək.
8. Öz vəzifələri barədə məlumatlı olmaq və onları dərk etmək.
9. Tələb edildiyi hallarda dinləmələrdə iştirak etmək və bu proseslərdə doğru ifadə vermək.
10. İdmançı nümayəndələrinin seçkilərində iştirak etmək və səs vermək.
Beynəlxalq Olimpiya Komitəsinin bu bəyannaməsi Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının nizamnaməsində öz əksini taparaq, idmançıların hüquq və vəzifələrinə dair bəyannaməyə uyğun olaraq komissiyanın fəaliyyətində nəzərə alınacaq.
Məlumat üçün bildirək ki, Bəyannamə Olimpiya Hərəkatı adından 2018-ci il oktyabrın 9-da Argentinanın Buenos-Ayres şəhərində keçirilmiş Beynəlxalq Olimpiya Komitəsinin 133-cü Sessiyasında qəbul edilib
