Tramp ABŞ-nin 250 illik yubileyi ilə əlaqədar idman yarışı təşkil edəcək

Xəbərlər
19 Dekabr 2025 15:40
37
Tramp ABŞ-nin 250 illik yubileyi ilə əlaqədar idman yarışı təşkil edəcək

ABŞ Prezidenti Donald Tramp ölkənin 250 illik yubileyi çərçivəsində gələn il yeni atletika yarışının keçiriləcəyini açıqlayıb.

“Patriot Games” adlandırılan bu yarış ABŞ tarixində ilk olacaq və dörd gün davam edəcək. Turnirdə hər ştat və ərazidən bir gənc oğlan və bir gənc qız olmaqla orta məktəb səviyyəsində ən güclü idmançılar iştirak edəcək.

Tramp Oval kabinetdəki çıxışı zamanı yarışlarda qarışıq kateqoriyaların olmayacağını xüsusi vurğulayıb.

O, kişilərin qadın idman növlərində çıxış etməyəcəyini qəti şəkildə bəyan edib.

Tədbirin təşkilində ölkənin yubileyinə həsr olunan rəsmi layihələri həyata keçirən “Freedom 250” təşkilatı da iştirak edir.

Təşkilatın açıqlamasına görə, bu yarış gələcək nəsil amerikalılar üçün simvolik “məşəl yandıracaq”.

Yarışın keçiriləcəyi məkan və proqramda hansı idman növlərinin yer alacağı hələlik açıqlanmayıb.

Demokratlar isə “Patriot Games”i “Aclıq Oyunları” filmi ilə müqayisə edərək layihəni kəskin tənqid ediblər.

ABŞ-nin 250 illiyi ilə bağlı digər tədbirlər sırasında milli dua toplantısı, Nyu-York limanında gəmilərin paradı, Milli Mall-da Böyük Amerika Ştat Yarmarkası və möhtəşəm atəşfəşanlıq da planlaşdırılır.

İdman.Biz