Bir neçə gün əvvəl uşaq sığınacağında Əkbər Zülfüqarov adlı uşağın UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Ayaks” oyununu təkbaşına izləməsi barədə məlumat vermişdik.
İdman.Biz xəbər verir ki, görüntülərin yayılmasından sonra sosial şəbəkə istifadəçiləri “Qarabağ” klubuna müraciət edərək Əkbərin komanda ilə görüşünün təşkil olunmasını xahiş etmişdilər.
Bundan sonra “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev sığınacaqda Əkbərlə görüşmüş və yaxın günlərdə onun “Qarabağ” klubunun üzvləri ilə görüşəcəyini bildirmişdi.
Bu gün Misli Premyer Liqasında “Qarabağ” – “Araz Naxçıvan” qarşılaşması keçiriləcək. Əkbər Zülfüqarov da oyunu stadiondan izləyənlər arasında olacaq və Qurban Qurbanovla görüşəcək.
