Türkiyənin İstanbul şəhərində nüfuzlu iş adamı Adnan Dalğakıranın ad günü gecəsində baş verən hadisə və rus model Mariya Avdienkonun döyülməsi iddiası ilə bağlı kikboks yığmasının üzvü Büşra Karakaş açıqlama verib. O bildirib ki, Avdienko tədbirə dəvət edilməyib və sosial şəbəkə vasitəsiilə tanış olduğu biri vasitəsilə özünü tədbirə daxil etdirməyə çalışıb. Onun sözlərinə görə, Avdienko, qonaqların xəbəri olmadan ağıllı eynəklərlə gizli çəkiliş apararkən müəyyən edilib və bu davranış “təxribatçı və qəribə” kimi qiymətləndirilib.

Karakaş hadisə barədə bunları bildirib:
“Gizli çəkiliş apardığı müəyyən edildikdən sonra tədbiri tərk etməsi xahiş olundu. Bu tələbdən sonra aqressiv davrandı, çıxmaqdan imtina etdi və tədbir məkanından ayrılması üçün pul tələb etdi. Həmin şəxs heç bir zorakı hərəkət tətbiq edilmədən ərazidən uzaqlaşdırılıb.”

Hadisə yerinə polis əməkdaşlarının da gəldiyi, lakin Avdienkonun həmin gecə heç kimdən şikayətçi olmadığı açıqlanıb.
Karakaş qeyd edib ki, həm prokurorluq dosyesi, həm də polis kamerası görüntülərində zorakılıq və ya zərbə izinə rast gəlinməyib. Rus turist hadisədən səkkiz gün sonra rəsmi şikayət verib. Karakaş, tibbi hesabatda konkret zədə izlərinin olmadığını vurğulayaraq, prosesi “iftira və şantaj cəhdi” kimi qiymətləndirib.
O, məsələ ilə bağlı hüquqi və cinayət proseslərinin başladığını, işin İstanbul Baş Prokurorluğu tərəfindən araşdırıldığını bildirib.
15:27
Türkiyənin İstanbul şəhərində nüfuzlu iş adamı Adnan Dalğakıranın ad günü gecəsində böyük qalmaqal yaşanıb. Hadisə zamanı rusiyalı modelin döyüldüyü bildirilir.
İdman.Biz xəbər verir ki, Rusiyanın Stavropol şəhərindən olan 25 yaşlı model Mariya Avdiyenko sosial şəbəkə vasitəsilə tanış olduğu bir kişi tərəfindən 63 yaşlı biznesmen Dalğakıranın evində keçirilən ad günü məclisinə dəvət olunub. Adnan Dalğakıran Türkiyə İxracatçılar Assambleyasının rəhbərliyində təmsil olunur, İstanbul Sənaye Palatasının sədr müavinidir və bir neçə digər yüksək vəzifə daşıyır.

Mariya Avdiyenko bildirib ki, gecə zamanı biznesmen ona maraq göstərib, diqqət ayırıb. Lakin həmin vaxt Adnanın ətrafında başqa bir qadın - 2022-ci ilin “Türkiyənin və dünyanın ən yaxşı modeli” seçilmiş Büşra Karakaş da olub. O həmçinin Türkiyənin kikboks yığmasının üzvüdür.
Rusiyalı qızın sözlərinə görə, o və onu məclisə gətirən kişi bağa keçərək tək qalmaq istəyəndə, Büşra Karakaş qışqıraraq onların üstünə hücum edib. O, Mariya Avdiyenkonu saçlarından tutub sürükləyib, nəticədə qız yıxılaraq başından ağır zədə alıb. Modellin iddiasına görə, biznesmen Adnan Dalğakıran hadisəni kənardan izləyib və müdaxilə etməyib. Sonradan məlum olub ki, hücum edən qadın Dalğakıranın “hərəmində” olan sevgililərindən biridir.

Mariya Avdiyenko hadisə yerindən qaçaraq çıxmağı bacarıb. Sonrakı günlərdə onu baş ağrısı, ürəkbulanma və qusma narahat edib. O, Adnan Dalqakıran və Büşra Karakaşın məsuliyyətə cəlb edilməsi üçün Türkiyə prokurorluğuna rəsmi ərizə yazıb. Rus model hadisənin əvvəlcədən planlaşdırıldığını düşünür.

Adnan Dalğakıran 25 ildən artıqdır ki, beynəlxalq sənaye holdinqinə rəhbərlik edir. Onun şirkəti Avropada hava kompressorları istehsalında ilk beşlikdə yer alır. Biznesmen daha əvvəl dəfələrlə Rusiyada universitetlərdə çıxış edib və ölkədə şirkət filiallarına sahib olub.
Qeyd edək ki, bir müddət bundan öncə azərbaycanlı kikboksçu Tülin Ələkbərova da əyləncə mərkəzlərinin birində sərxoş halda qadına hücum edərək ona yumruq və təpik zərbələri endirib.
