Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Nazirlik yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə “Gənclər arasında kiçik və orta biznes, həmçinin sahibkarlıq fəaliyyətlərinin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda ictimai müzakirə keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşün qonaqları gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İctimai Şuranın sədri, Olimpiya çempionu Elnur Məmmədli sahibkarlığın inkişafında gənclər təşkilatlarının roluna dair fikirlərini bölüşərək mövzu ətrafında çıxışlar ediblər.
İctimai Şuranın sədr müavini Ramin Həbibzadənin moderaturluğu ilə keçirilən müzakirədə iştirak edən müxtəlif gənclər təşkilatlarının rəhbər və nümayəndələri mövzu ilə bağlı öz fikir və təkliflərini səsləndiriblər. Onlar gənclərin kiçik və orta biznesə marağının artırılması, mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanları, həmçinin gənclər təşkilatlarının biznes təşəbbüslərində rolunun gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Həmçinin görüş zamanı gənclərin idman və sahibkarlıq fəaliyyətində rolu, tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi və bu sahədə birgə fəaliyyət perspektivləri müzakirə olunub.
