Mayk Kallan: “Bakı konfransı idmandakı problemləri müzakirə etmək üçün unikal platformadır”

Xəbərlər
27 Noyabr 2025 20:09
20
Mayk Kallan: “Bakı konfransı idmandakı problemləri müzakirə etmək üçün unikal platformadır”

Beynəlxalq konfrans idmanda mövcud problemləri müzakirə etmək üçün unikal platformadır.

İdman.Biz xəbər verir ki, bu sözləri Hertfordşir Universitetinin professoru Mayk Kallan Azərbaycan İdman Akademiyasının (ASA) təşkilatçılığı ilə keçirilən “Müasir idman təhsili: Yeni paradiqmalar axtarışında” mövzusunda III Beynəlxalq elmi-praktik konfrans barədə danışarkən deyib.

O, AZƏRTAC-a bildirib ki, belə nüfuzlu spikerlərin iştirak etdiyi beynəlxalq tədbirdə olmaq böyük şərəfdir:

“Konfransın əsas mövzusu idmanın Azərbaycanın müxtəlif icmalarında insanların həyatına təsirini və cəmiyyətə faydasını müzakirə etməkdir. Burada iştirak edərək fərqli ölkələrdən gələn ekspert və akademiklərlə fikir mübadiləsi aparmaq, yeni yanaşmaları öyrənmək imkanımız olur. Bu fürsət üçün təşəkkür edirəm”.

Professor beynəlxalq tədbirin əhəmiyyətini xüsusilə vurğulayıb: “Dünyanın müxtəlif ölkələrindən nümayəndələr gözəl Bakı şəhərində bir araya gəlir, idmanın yalnız elmi deyil, həm də sosial baxımdan cəmiyyətə təsirini və insanların həyatını necə dəyişə biləcəyini müzakirə edirlər. Bu cür platformalar idman sahəsində biliklərin paylaşılması və yeni əməkdaşlıqlar üçün unikal imkan yaradır”.

Qeyd edək ki, beynəlxalq konfransa noyabrın 28-də yekun vurulacaq.

İdman.Biz