Milli Olimpiya Komitəsinin “Təhlükəsiz idman” proqramı başa çatdı - FOTO

Xəbərlər
13 Oktyabr 2025 14:12
48
Milli Olimpiya Komitəsinin “Təhlükəsiz idman” proqramı başa çatdı - FOTO

Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin (MOK) həyata keçirdiyi "Təhlükəsiz idman - hamı üçün" mövzusunda kursların iştirakçılarına sertifikatlar təqdim edilib.

İdman.Biz MOK-un mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasimdə komitənin baş katibi Azər Əliyev, vitse-prezidenti Fərid Mansurov, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, MOK-un idman şöbəsinin baş məsləhətçisi Vaqif Əliyev, akademiyanın müəllim heyəti və kurslarda fəallığı ilə seçilən tələbələr iştirak ediblər.

Fuad Hacıyev təlim proqramının tələbələr üçün əhəmiyyətindən danışıb. Rektor təlimlərdə akademiyanın 45 tələbəsinin iştirak etdiyini qeyd edərək, bu kursları uğurla başa vuran gəncləri təbrik edib.

Milli Olimpiya Komitəsinin idman şöbəsinin baş məsləhətçisi, Təhlükəsiz idman üzrə Beynəlxalq Olimpiya Komitəsinin setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev Azərbaycanda “Təhlükəsiz idman - hamı üçün” layihəsinin 2023-cü ildən fəaliyyət göstərdiyini qeyd edib. Bu illər ərzində idman ictimaiyyətində mədəni dəyişiklik, məsuliyyətli davranış və etik dəyərlərin təbliğinə böyük töhfə verilib. Vaqif Əliyev qeyd edib ki, Azərbaycanda “Təhlükəsiz idman - hamı üçün” layihəsi MOK-un beynəlxalq proqramlar idarəsinin rəhbəri, mərhum Mehman Kərimovun təşəbbüsü ilə reallaşıb.

Çıxışlardan sonra kursu uğurla tamamlayan tələbələr rəsmi şəkildə sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, proqramın məqsədi olimpizmin əsas dəyərləri - “hörmət”, “dostluq” və “mükəmməllik” haqqında məlumatların verilməsi və bu dəyərlərin gündəlik həyata inteqrasiya edilməsidir.

İdman.Biz