Vladimir Litvintsev: “Düzünü desəm, fərqli bir nəticə gözləyirdim”

12 Fevral 2026 21:10
116
Vladimir Litvintsev: “Düzünü desəm, fərqli bir nəticə gözləyirdim”

2026-cı il Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev ilk dəfə olaraq özünün yarışdakı çıxışını şərh edib.

İdman.Biz bildirir ki, Litvintsev bu barədə sosial şəbəkədə paylaşım edib.

“Təşəkkürlər, Milan!

İkinci Qış Olimpiya Oyunlarım başa çatdı.

Düzünü desəm, fərqli bir nəticə gözləyirdim. Necə deyərlər, “Tanrını güldürmək istəyirsənsə, planlarını Ona danış.

Nəticəyə baxmayaraq, əvəzsiz təcrübə və unudulmaz anlar üçün minnətdaram.
Bu səyahət boyunca məni dəstəkləyən, ruhlandıran və inanan hər kəsə böyük təşəkkür edirəm.

Hər bir uğursuzluq daha güclü və daha müdrik olmaq üçün bir addımdır.

Məşqçilərimə də təşəkkür etmək istəyirəm”, - Litvintsev yazıb.

Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev 2026-cı il İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında qısa proqram mərhələsində çıxışını başa vurub. İdmançımız 63,63 bal toplayaraq 29 iştirakçı arasında sonuncu yeri tutub və sərbəst proqram mərhələsinə vəsiqə qazana bilməyib.

İdman.Biz