Ayxan Abbasov qələbəni şərh etdi: “Bu dəfə hücumda kəsərli olmadıq”

14 Noyabr 2026 02:53
47
Ayxan Abbasov qələbəni şərh etdi: “Bu dəfə hücumda kəsərli olmadıq”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteyn üzərində səfərdə qazanılan 1:0 hesablı qələbəni dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında ilk növbədə rəqibin müdafiə oyununa və futbolçularımızın hücumları tamamlamaqda üzləşdiyi çətinliklərə toxunub:

“Lixtenşteyn bizimlə ilk oyunda xal almışdı. Bu dəfə rəqibin daha inamlı çıxışını gözləyirdik. Eyni sistem, eyni sıx müdafiə, erkən qol vurmaq istəyirdik. Əslində tez qol da vurduq. İlk dəqiqələrdə epizod yaratdıq. Qapı dirəyindən qayıdan toplar var idi. İstər-istəməz futbolçularda bir az tələskənlik, udmaq hirsi çox idi, bu da bizə mane olurdu. Tam rahat hücumlarımızı sonlandıra bilmirdik. Əsas bu turnirdə qarşımıza qoyduğumuz məqsəd var idi. Birinci olmaq istəyirdik. Bu, bizim üçün vacib idi. Çünki nə qədər D Liqası gələn mövsüm olmasa da, biz istəyirdik ki, C Liqasına qalib kimi yüksələk. Uşaqlara təşəkkür edirəm. Çempionatın stresli, gərgin vaxtında milli komandaya kökləndilər və qalib gəldik. Qarşıda Andorra ilə yoxlama matçı var. Həmin oyunda çalışacağıq hər kəsə şans verək. Çünki yeni gələn oyunçularımız da var. Onlar milli komandanı hiss eləməlidirlər”.

Abbasov komandanın oyun planının nə dərəcədə yerinə yetirildiyini də izah edib:

“Oyun planımız rəqibə qarşı pressinq etmək və topu itirdikdən sonra onu tez bir zamanda geri qazanmaq idi. Futbolçularımız bunu, demək olar ki, tam yerinə yetirdilər. Müəyyən səhvlərimiz olsa da, oyunun sonuna yaxın rəqibin qapımıza cəmi bir zərbəsi oldu. Lixtenşteynin evdə Litva ilə də yaxşı mübarizə apardığını bilirdik. Rəqib öz meydanında qol buraxmamağa çalışırdı. Buna görə də müdafiə xəttini yarmaq vacib idi. İlk dəqiqələrdən qol vurmağa çalışırdıq və məşqlərdə də məhz bunun üzərində işləmişdik”.

Baş məşqçi Millətlər Liqasındakı dörd oyunu qiymətləndirərkən Litva səfərində əldən verilən qələbə imkanını xüsusi qeyd edib:

“Hər oyundan sonra təhlillər olur. Litvadakı matçda qalib gəlməli idik. Orda komanda yaxşı çıxış etmişdi. Qol epizodlarımız oldu. Biz nadir hallarda oturuşmuş müdafiəyə qarşı oynayırıq. Hər dəfə rəqiblər bizdən üstün olur. Litva ilə matçda oyun ortada gedirdi. Yenə də son ötürmələr çatmadı. Bunu da psixoloji gərginliklə əlaqələndirirəm. Litva ilə oyunda qalib gələ bilərdk. Amma hər işdə bir xeyir var idi. Turnir başlamamışdan əvvəl format başqa cür idi. Pley-off məsələsi sonradan oldu, qismət. Bu il çalışaqdıq uduzmayaq. Hələ martda futboçulara demişdim ki, rəqiblər bizə uyğundur, ilin sonuna kimi uduzmamalıyıq. Təəssüf ki, Maltaya məğlub olduq. Amma sevindirici hal odur ki, Millətlər Liqasında məğlub olmadıq”.

Mütəxəssis 88-ci dəqiqəyə qədər cəmi bir əvəzetmə etməsinin səbəbini də açıqlayıb:

“Ehtiyatda yaxşı oyunçularımız var idi. Sadəcə oyunun gedişinə uyğun Rüfət Abdullazadəni meydana buraxdıq. Bundan sonra istədiyimiz hücumlar başladı. Bir qədər gözləyirdik. Sonradan Xəyal və Telluru oyuna qoşduq. Rüfət Abbasov və Toral Bayramov yorulmuşdu. Bizə zərbələr lazım idi. Toralın yaxşı zərbələri var. Ona görə də onu meydanda çox saxladıq”.

Abbasov qələbəyə baxmayaraq, futbolçuların çıxışında narazı qaldığı məqamların olduğunu gizlətməyib:

“Oyuna baxacağıq. Udduğumuz matçlarda da futbolçulara iradlar olur. Ötən görüşdə Litvaya qalib gəlsək də, səhvlər var idi. Bəzi futbolçular həmin matçda zəif oynadıqları üçün bu toplanışa dəvət almadılar. Təbii ki, bugünkü oyunla bağlı da iradlarımız olacaq. Bu dəfə hücumda kəsərli olmadıq, problem bitiriciliklə bağlı idi”.

Baş məşqçi qapıçı Emil Balayevin 90-cı dəqiqədə sarı vərəqə almasına münasibət bildirib:

“Ona sarı vərəqə düşmürdü. Hakim də bəzi epizodlarda bilmədim niyə elə qərar verdi. Yeni qaydalara görə referi beşə kimi saymalıdır. 90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat. Bu, futbolçuların özünə məxsus olan haldır”.

İdman.Biz