Azərbaycan millisinin futbolçusu Toral Bayramovun çıxış etdiyi “Bursaspor” Türkiyə 1-ci Liqasında növbəti qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, Bursa təmsilçisi 10-cu turda səfərdə “Muğlaspor”u 3:0 hesabı ilə məğlub edib.
“Atatürk” stadionunda keçirilən qarşılaşmanın ilk hissəsi qolsuz başa çatıb. Qonaqların heyətində Keleçi İheanaço 58-ci və 79-cu dəqiqələrdə fərqlənərək dubl edib. “Bursaspor”un üçüncü qolunu isə 83-cü dəqiqədə Hüseyn Maldar vurub.
Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov qarşılaşmanın iştirak ərizəsinə daxil edilsə də, bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib. Cəzalı olduğuna görə “Muğlaspor”la görüşü tribunadan izləyən Mustafa Er azərbaycanlı futbolçuya bu görüşdə şans verməyib.
Qeyd edək ki, “Bursaspor” 10 turdan sonra 22 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
