“Turnirin qalibi olduğumuz üçün çox şadıq”.
İdman.Biz xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov “FIFA Series-2026” turnirinin finalında Syerra Leone yığmasına qalib gəldikləri oyundan (1:1, p. 9:8) sonra keçirilən mətbuat konfransında deyib.
O, ilk hissədə müəyyən səhvlərə yol verdiklərini və hücumlarda son nöqtəni qoya bilmədiklərini söyləyib.
“Rəqib hesabı açdıqdan sonra müdafiədə daha diqqətli oynamağa başladı. Fasilədən sonra etdiyimiz dəyişikliklər nəticəsini verdi və hesabı bərabərləşdirə bildik. Azarkeşlər uzun müddətdir belə maraqlı oyun izləməmişdilər. Millətlər Liqasına daha yaxşı hazırlaşmaq üçün işimizi davam etdirməliyik. Futbolçular penaltilər zamanı soyuqqanlılıqlarını qorudular və bu da bizim üçün dəyərli bir təcrübə oldu”, - Abbasov bildirib.
Baş məşqçi Millətlər Liqası perspektivi haqqında da danışıb.
“Bu qarşılaşma bizə siqnallar verdi. Rəqiblər güclü olduqca biz də artırmalıyıq. UEFA Millətlər Liqası üçün hazır olmaq istəyirik.
Rəqibimiz olan Lixtenşteynin də qrupunu izləyirdik. Tanzaniya ilə oyunlarına baxmışıq. Zəif komanda yoxdur. Toplanışdan maksimum istifadə etmək istədik. Bir çox yeni oyunçular gəldi, onları sınaqdan keçirdik. Allah qoysa, xeyrini görəcəyik.
Oyundan-oyuna futbolçular özləri haqda fikir yaradılrar. Kimlərinsə zədəli olması işimizi çətinə sala bilər. İndi də zədəlilər var idi. İki komandanı da təhlil edirik. Litva həqiqətən möhkəm komandadır. Onlar evdə çox yaxşı çıxış edirlər. Şanslar bərabərdir. Çalışacağıq ki, qrupun qalibi olaq”, - Abbasov əlavə edib.
