21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin ən böyük problemi standart vəziyyətlərdir.
İdman.Biz xəbər verir ki, bunu komandanın baş məşqçisi Rəşad Eyyubov jurnalistlərə açıqlamasında bildirib.
Məşqçi Bakıda Portuqaliyanın U-21 yığmasına 0:4 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb.
“Ən böyük problemimiz standart vəziyyətlərdir. Belə epizodlardan 3 qol buraxdıq. Birinci hissəyə görə oyunçulara təşəkkür edirəm. İkinci yarıda isə yaxşı oynamadıq”, - Eyyubov deyib.
Onun sözlərinə görə, qarşılaşmanın ilk yarısında oyunçuların matça köklənməsi yüksək səviyyədə olub: “İkinci hissədə təəssüf ki, bunu itirdik. Komanda bir az rahatlaşdı”.
Eyyubov həmçinin komandanın niyə müdafiə oyununa üstünlük verdiyini deyib: “Əgər qapıdan qol buraxmırsansa, oyun 0:0 bitir və bir xal qazanırsan”.
