“Bir hər şeyi hakimin üstünə atmağa öyrəşmişik. Amma açığı, dünənki idarəçilik doğrudan da zəif idi”.
Bunu Sportnet.az-a açıqlamasında beynəlxalq dərəcəli hakim Xaqani Məmmədov Ukrayna və Azərbaycan milliləri arasındakı 2026-cı il dünya çempionatının seçmə qrup matçının hakimliyini dəyərləndirərkən deyib.
AFFA Hakimlər Komitəsinin sabiq sədri bildirib ki, avstriyalı referi Sebastian Gishamer Ukraynaya rəğbətlə yanaşıb:
“Təsəvvür edin ki, ikinci hissəyə artırdığı 5 dəqiqə ərzində 2 dəqiqə dayanma oldu. Lakin o, 5 dəqiqə bitdikdən sonra görüşə heç 10 saniyə də artırmadı. Yəni, idarəçilik zəif idi, hətta bir qədər obyektiv deyildi”.
Məmmədov Ukrayna komandalarına meylliliyin bir siyasət olduğunu da dilə gətirib:
“2024/2025 mövsümündə Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”ın İtaliya “İnter”i ilə oyunda sayılmayan qolunu xatırlayaq. Çexiyalı referi Miroslav Zelinkanı təyin etdilər, o da hansı oyunu çıxardı? Darta-darta Ukrayna “Dnepr”ini qrupdan növbəti mərhələyə, daha sonra finala çıxardılar. İndi futbolu da siyasiləşdiriblər. Ötən gün də Gismaher daha düzgün oyun idarə edə bilərdi, amma etmədi. Simpatiya o tərəfə idi. Halbuki referi obyektiv olsaydı, bəlkə də nəticə başqa cür ola bilərdi”.
Sabiq baş hakim Ukrayna millisinin üçüncü qolunun sayılmadığı epizodda VAR müdaxiləsinin ofsayd ehtimalı yox, məhz azərbaycanlı futbolçuya qarşı qayda pozuntusuna görə edildiyini diqqətə çatdırıb: “Bəlkə də o qolda ofsayd yox idi, amma qayda pozuntusu var idi. Mütləq baxılmalı idi və baxdılar da”.
Məmmədovun fikrincə, ukraynalı futbolçu Ruslan Malinovskinin Azərbaycan millisinin kapitanı Emin Mahmudova qarşı 45+1-ci dəqiqədə sərt oyununa görə qırmızı yox, sarı vərəqə alması düzgün qərardır:
“Orada qırmızı vərəqəlik davranış yox idi. Ümumiyyətlə, referinin yekun nəticəyə təsir edən səhvləri yox idi. Amma oyunun gedişində qərarlar daha çox ukraynalıların xeyrinə verilirdi. Hardasa verməmək olardısa, onların xeyrinə verirdi. Yaxud da bizim xeyrimizə verməli olduğunu vermirdi. Qollarla bağlı problem yox idi. Oyunun taleyini həll edəcək mübahisəli qərar da olmadı. Sadəcə, bəzi epizodlarda simpatiya Ukrayna tərəfinə idi”.
Şahrudin Məhəmmədəliyevə sarı vərəqənin verildiyi epizoda gəldikdə, keçmiş baş hakim bildirib ki, qapıçı kapitan deyilsə, gəlib referidən nəyisə tələb edə bilməz:
“O isə üstəlik, rəqib oyunçunun üstünə gedirdi. Qolkiper qapısını tərk edirsə, hansısa təxribatçı hərəkətə yol verirsə, bu, artıq sarı vərəqədir. Şahrudin o halda gələ bilərdi ki, yaranmış kütləvi toqquşmanın yatırılmasında referiyə kömək edərdi. Amma sən gəlib burda “dava-dava” deyirsən, rəqib oyunçunun üstünə gedirsən, baş hakimdən nəyisə tələb edirsən, aranı qızışdırırsan. Gismaher Şahrudinə dərhal sarı vəqəni düz göstərdi. Hətta yenə sakitləşməsəydi, ikinci sarı vərəqəni alaraq, qırmızı vərəqə ilə meydandan qovulacaqdı”.