“Fiziyev döyüşdən əvvəl özünü qorumalı idi” - Şəhriyar Abbasov İDMAN.BİZ-Ə DANIŞDI

Müsahibə
25 Sentyabr 2025 12:33
46
“Fiziyev döyüşdən əvvəl özünü qorumalı idi” - Şəhriyar Abbasov İDMAN.BİZ-Ə DANIŞDI

“Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev özünü qorumalı və zədələnməmək üçün əlindən gələni etməli idi”.

Bu fikirləri İdman.biz-ə açıqlamasında məşhur azərbaycanlı MMA məşqçisi Şəhriyar Abbasov səsləndirib.

O, Fiziyevin sabiq UFC çempionu, braziliyalı Çarlz Oliveyra ilə döyüşünün baş tutmaması barədə danışıb.

Xatırladaq ki, oktyabrın 11-də Rio-de-Janeyroda keçiriləcək UFC turnirinin əsas qarşılaşması məhz bu döyüş olmalı idi. Lakin dizindən aldığı zədəyə görə Fiziyev rinqə çıxmaqdan imtina edib.

“Əlbəttə, bu, onun karyerası üçün çox mənfi oldu. Üstəlik, turnirə bir aydan da az qalmış yarışdan kənarlaşdırıldı. Adətən, belə hallardan sonra UFC idmançıya uzun müddət rəqib vermir. Çox təəssüf ki, Rafael zədələndi, amma bu riskdən heç bir idmançı sığortalanmayıb”, - deyə Abbasov bildirib.

O, həmçinin vurğulayıb ki, döyüşə az qalmış idmançı özünü qorumalı, ağır yüklənmələrdən uzaq durmalıdır:

“Ona görə də həmişə deyirəm ki, hər peşəkar döyüşçünün yanında bütün hazırlıq prosesini nəzarətdə saxlayan ixtisaslı məşqçi olmalıdır”.

Fiziyevin gələcək imkanları barədə danışan Abbasov əlavə edib: “İndi o, yenidən önəmli qarşılaşma qazanmaq üçün az reytinqli rəqiblərlə bir neçə döyüş keçirməli olacaq. Üstəlik, vaxt da onun əleyhinə işləyir – Fiziyev artıq 32 yaşındadır və hər il ona oktagona qayıtmaq daha da çətinləşir. Amma ümid edirik ki, gələn il onun qələbələrini yenidən görəcəyik”.

Teymur Tuşiyev

İdman.biz