“Qaydasız döyüşlə məşğul olmasaydım, yəqin ki, güləşçi olardım”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycanın və "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Vüqar Kərəmov “PODKAT” “YouTube" layihəsində deyib.
İdman sevgisindən danışan Kərəmov bildirib ki, hələ uşaq yaşlarından idmanı çox sevir: “Mən bu sualı özümə çox vermişəm ki, görəsən, idmançı olmasaydım, nolardım. Nə savadım, nə də hansısa başqa sahədə çalışmağa səbrim var. Əgər qaydasız döyüşə getməsəydim, çox güman, başqa idman növü ilə məşğul olardım. Ancaq yenə də seçimim idman olardı. Balaca olanda həmişə küçədə dalaşırdım. Elə uşaqlar var ki, idmanı sevmir. Əgər insanın canında idman sevgisi yoxdursa, o zalda qala bilməz. Elə uşaqlar var ki, bir yumruq dəyən kimi zalı tərk edirlər, eləsi də var döyülür, ancaq ağlaya-ağlaya təkrar rəqibin üstünə gedir. Həmin uşağı necə idmandan çıxarıb başqa sahəyə yönləndirmək olar?”.
Qeyd edək ki, Vüqar Kərəmov növbəti sınağına iyunun 14-də çıxacaq. O, “Rizin" turnirində Yaponiya təmsilçisi Syuya Kimura ilə üz-üzə gələcək. 66 kq çəki dərəcəsində yarışacaq Vüqar qələbə sayəsində kəmər uğrunda döyüşmək hüququ qazanacaq.
Aytac Sahəd
İdman.biz