Maxaçevdən Topuriyaya açıq çağırış: "Yuxarı qalx, mən enmirəm"

Xəbərlər
14 Yanvar 2026 11:00
41
Maxaçevdən Topuriyaya açıq çağırış: "Yuxarı qalx, mən enmirəm"

Yarımorta çəki dərəcəsində çıxış edən rusiyalı UFC döyüşçüsü İslam Maxaçev karyerasını artıq bu çəkidə davam etdirəcəyini və yüngül çəkiyə geri qayıtmaq niyyətində olmadığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, Maxaçev bunu İliya Topuriya ilə mümkün döyüşlə bağlı danışarkən deyib.

“Yüngül çəkidə artıq kəmərim var idi, məni heç kim məğlub etməmişdi. Sadəcə kəməri buraxıb yuxarı qalxdım. Kəmər naminə aşağı enmək mənim üçün maraqlı deyil. Əksinə, o yuxarı qalxa bilər, çünki itirəcəyi heç nə yoxdur. Uduzsa, geri qayıdıb yenə yüngül çəkidə kəmərini müdafiə edər”, - deyə Maxaçev bildirib.

Döyüşçü əlavə edib ki, əsas səbəb artıq çəki salmaq prosesindən yorulmasıdır.

“Çəkini salmaqdan yoruldum və artıq çəki yığmışam. Yenidən aşağı enmək çox çətin olacaq. Mən artıq gənc deyiləm, daim çəki salmaq çətindir. Karyeramı böyük ehtimalla 77 kq-a qədər olan çəki dərəcəsində başa vuracağam”, - deyə UFC döyüşçüsü vurğulayıb.

Beləliklə, Maxaçevin açıqlaması onun gələcək planlarını tam aydınlaşdırır: o, kəmərdən asılı olmayaraq yarımorta çəkidə qalacaq və karyerasının son mərhələsini bu kateqoriyada keçirəcək.

İdman.Biz