İrlandiyalı qarışıq döyüş ustası Konor Makqreqor uzun müddətdir birlikdə olduğu Di Devlinlə tarixi Vatikan kilsəsində evlənib.
İdman.Biz xəbər verir ki, bu barədə “Irish Independent” nəşri məlumat yayıb.
Qəzetin məlumatına görə, 37 yaşlı qarışıq döyüş ustası və dörd övladı olan 38 yaşlı Di Devlin mərasim üçün Vatikan bağlarına gedən yolda Müqəddəs Pyotr bazilikasının arxasında yerləşən “Santo Stefano degli Abissini” kilsəsini seçiblər.
Bu kilsə Vatikanın ən qədim kilsələrindən biri hesab olunur və 5-ci əsrdə tikilib. “Santo Stefano degli Abissini” kilsəsi, unikal 15-ci əsr freskaları ilə bəzədilmiş fəaliyyətdə olan bir kilsədir.
Qəzetin məlumatına görə, Vatikan mənbələri kilsənin özəl mərasim üçün ayrıldığını bildiriblər. Lakin, bu həftənin əvvəlində Vatikanın baş mətbuat katibi Matteo Bruni “Daily Mail” qəzetinə verdiyi açıqlamada toy hazırlıqlarından xəbərsiz olduğunu və toyun təsdiqlənmədiyini bildirib. Makqreqorla yaxın mənbə isə qəzetə toyun baş tutacağını təsdiqləyib.
Konor Makqreqor və Di Devlin 2008-ci ildən bəri görüşürlər. Onlar Makqreqorun 21 yaşı olanda gecə klubunda tanış olublar. Həmin vaxt Konor hələ döyüşçü olmaq arzusunda idi və Di Devlin ofisiant işləyirdi. Onlar nişanlarını 2020-ci ilin avqustunda, Di Devlinin 33-cü doğum günündən bir az əvvəl elan ediblər. Cütlüyün dörd övladı var: üç oğlu və bir qızı.
“The Sun” qəzetinin məlumatına görə, 37 yaşlı qarışıq döyüş növləri ulduzu və nişanlısı uzun müddətdir ki, Sikstin Kapellasında and içməyi xəyal edirdilər, lakin Vatikan orada toyları qadağan edib. Bu da cütlüyü planlarını yenidən nəzərdən keçirməyə və daha təmkinli bir mərasim keçirməyə məcbur edib.
Britaniyanın “Daily Mail” tabloidinin məlumatına əsasən, Devlin Makqreqoru 2018-ci ildə Nikita Hənd adlı bir qadına cinsi təcavüz etməkdə günahkar bilindiyi mülki iddiadan sonra açıq şəkildə dəstəkləməyə davam edir.
Təqsirləndirilən şəxs münasibətin razılıq əsasında olduğunu iddia etsə də, zərərçəkmişə 200.000 funt sterlinqdən çox təzminat ödəməli idi.
Makqreqorun son döyüşü 2021-ci ilin yayında UFC 264-də amerikalı Poryeyə qarşı olub. Döyüş irlandiyalı idmançının ayağının sınması ilə birinci raundda başa çatıb. Makqreqor hazırda antidopinq qaydalarını pozduğuna görə 18 aylıq diskvalifikasiya cəzası çəkir və bu cəza 20 mart 2026-cı ildə başa çatır.
Bir neçə gün əvvəl iki divizionda keçmiş UFC çempionu Konor Makqreqor rusiyalı İslam Mahaçevlə döyüşmək istədiyini açıqlayıb.
